Finlandiya hökumətindən Rusiya ilə bağlı yeni qərar
Finlandiya hökuməti gələn həftə Rusiya ilə sərhəddə bir və ya bir neçə sərhəd-keçid məntəqəsini açmağı nəzərdən keçirir.
Bu barədə “Helsingin Sanomat” qəzeti mənbələrə istinadən məlumat verib.
Məlumata görə, qərar hələki qəbul edilməyib, lakin Nazirlər Kabinetinin dekabrın 12-də sərhəd-keçid məntəqəsinin açılışını elan edə biləcəyi gözlənilir.
Hökumət mənbələri vurğulayıblar ki, hazırda Rusiya ilə sərhədi tamamilə bağlı saxlamağa zərurət verən heç bir təhlükə yoxdur. Bu, sərhəddə və onun yaxınlığında vəziyyətin kifayət qədər sakit olması ilə əlaqələndirilib.
Finlandiya hökumətində məsələ ilə bağlı iki variant nəzərdən keçirilir: şərq sərhədinin yük qatarları istisna olmaqla, bütün nəqliyyat növləri üçün bağlı saxlanılması və yaxud bir və ya bir neçə sərhəd-keçid məntəqəsinin açılması.
Xatırladaq ki, Finlandiya hakimiyyətinin qərarı ilə Rusiya ilə sərhəddəki bütün keçid məntəqələri dekabrın 13-dək bağlanıb.