Dec 08

ATƏT PA sədri Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışlayıb

ATƏT-in Parlament Assambleyasının sədri Pia Kauma (Finlandiya) və ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen (Norveç) Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışlayıblar.

ATƏT PA-nın Mətbuat Xidmətindən verilən məlumata görə, onlar Azərbaycan Prezidentinin Administrasiyası ilə Ermənistanın Baş nazirinin ofisi arasında aparılan danışıqların nəticələrini regionda davamlı sülhə doğru atılan tarixi addım, ölkələrin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsinə nail olmaq öhdəliyinə sadiqliklərini nümayiş etdirməsi kimi qiymətləndiriblər.

“Ermənistan və Azərbaycan liderlərinin iki ölkə arasında etimadın möhkəmləndirilməsi istiqamətində atdığı bu qətiyyətli addımları yüksək qiymətləndirirəm. Bu, gələcək əməkdaşlıq üçün müsbət presedent yaradır. Ümid edirəm ki, bu, gələcək təşəbbüslər üçün əsas olacaq”, - ATƏT PA-nın sədri bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Bənzər xəbərlər

Gündəm

0.044465065002441