Gecə saatlarında maşınlara qənim kəsilən şəxsə AĞIR CƏZA
Abşeron Rayon Məhkəməsində vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talamaqda təqsirləndirilən Samir Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə 2022-ci il gecə saat 3 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə M.Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Samir Məmmədov yaşayış binasının arxasında saxlanılan zərərçəkmiş Kamil Əsədova (şərti) məxsus “KIA Rio” markalı avtomobilin qabaq sol qapısının şüşəsini özündə olan yandırma şamla (“sveça”) sındırıb. Daha sonra o, maşının salonundan zərərçəkmiş şəxsin şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, eləcə də 475 manat pul vəsaitini talayıb.
Bundan başqa, Samir Məmmədov özgənin şəxsiyyət sənədini talama məqsədilə həmin il gecə saat 4 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, M.Hüseynzadə küçəsində 2 saylı yaşayış binasının qarşısında saxlanılan zərərçəkmiş Fahir Həsənzadəyə məxsus “Honda” markalı avtomobilin qabaq sağ qapısının şüşəsini özündə olan şamla sındırıb. Daha sonra o, maşının salonundan zərərçəkmiş şəxsin şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini talayıb.
Hadisədən sonra Samir Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.