Rusiyada avtomobilin yürüş göstəricisini dəyişdirməyə görə həbs cəzası verilə bilər
Rusiyada avtomobilin yürüş göstəricisinin (probeq) dəyişdirilməsinə görə həbs cəzasını nəzərdə tutan qanun layihəsi hazırlanır.
Mozalan.az xəbər verir ki, APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Avtomobil Dilerləri Assosiasiyasının rəhbəri Aleksey Podşekoldin bildirib.
"Belə bir cinayət təkrar törədildikdə, ona görə həbs cəzasının tətbiqi təklif edilir. Eyni əməl iki və ya daha çox dəfə təkrarlanırsa, onda bu, artıq cinayət məsuliyyətidir: düşünürəm ki, bu, bir ildən üç ilədək olacaq. Biz istəyirik ki, dilerlər və sığorta şirkətləri avtomobillərə xidmət göstərərkən yürüş göstəricilərini daxil etsinlər, yəni yürüşlə bağlı məcburi işarələrin qoyulduğu daha çox nöqtə olsun", - Podşekoldin əlavə edib.
O qeyd edib ki, assosiasiya bu qanun layihəsinin hazırlanmasında iştirak edir və cəza ilə bağlı Maliyyə Nazirliyinə artıq təkliflər göndərib: “Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə, habelə nəqliyyat vasitələrinin qeydiyyatı qaydalarına dəyişikliklər edilməlidir”.