Dec 17

2019-a keçən kövrək Qarabağ ümidləri: əsas gözlənti - TƏHLİL

Keçən həftə Qarabağ mövzusunda kifayət qədər maraqlı açıqlamalarla, bəyanatlarla yadda qaldı. O sırada Avropa Parlamenti bir daha Qarabağ konfliktinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini ehtiva edən mühüm sənəd qəbul elədi. Erməni lobbisinin cəhdlərinə rəğmən, yekun sənədə problemin həlli ilə bağlı öz müqəddəratını təyinetmə prinsipini əlavə eləmək təklifi böyük səs çoxluğu ilə rədd olundu.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Bakıda prezident İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ məsələsində Moskvanın əlindən gələni edəcəyini bildirməklə yanaşı, Rusiyanın tezliklə Azərbaycan və Ermənistan başçılarının görüşünü təşkil etməyə çalışacağını söylədi. Bundan əlavə, Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında Qarabağ məsələsi də diqqətdə oldu.

Daha bir maraqlı olay Belarus prezidenti Aleksandr Lukaşenkonun vaxtilə Ermənistan rezidenti Serj Sərkisyana etdiyi əlverişli Qarabağ təklifi barədə açıqlaması oldu. Söhbət Dağlıq Qarabağ ətrafında 5 rayonun qeyd-şərtsiz azad edilməsi qarşılığında bölgədə kommunikasiyaların açılmasından gedir - hansı təklifi ki, Sərkisyan qəbul etməyib. 

Ötən həftənin Dağlıq Qarabağla bağlı yadda qalan məqamlarından biri də odur ki, Azərbaycan prezidenti İlham Əliyev və erməni hökumətinin başçısı Nikol Paşinyan tvitter sosial şəbəkəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının perspektivləri haqda iki maraqlı mesaj yazıblar. Özü də Azərbaycan və erməni liderləri yazıları təxminən eyni vaxtda qoyublar.

Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına yeni impuls verəcək. “2019-cu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə yeni impuls verəcək”, - deyə keçən cümə ölkə başçısı twitter-dəki mikrobloqunda qeyd edib.

“Qarabağ münaqişəsinin sülh nizamlanması Ermənistanın əsas prioriteti olaraq qalır”. Bunu isə twitter-dəki mikrobloqunda baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan yazıb. “Biz regionda sabitlik və sülh naminə nizamlanmanın sülh prosesini davam etdirəcəyik. Nizamasalma bütün tərəflərdən səylər tələb edir”, - deyə Paşinyan vurğulayıb.

Əlavə edək ki, keçən həftə İlham Əliyev Rusiyanın xarici İşlər naziri Sergey Lavrovla görüşü zamanı Azərbaycanın 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid etdiyini bildirib.

*****

2018-ci ilin sonuna isə iki həftədən də az qalır. Bəs gələn il gerçəkdən əvvəlki illərdın yaxşı mənada fərqlənə biləcəkmi? Bundan ötrü zəmin nə dərəcədə ciddi və əsaslı görünür? 

Politoloq Qabil Hüseynliyə görə, hazırda danışıqlar prosesi üçün beynəlxalq mühitdə əlverişli şərait yaranıb (axar.az). “Bu şərait Azərbaycanın ərazi bütövlüyü məsələsinə əksər beynəlxalq təşkilatların və dövlətlərin dəstək verməsidir. Bu nöqteyi-nəzərdən ölkə başçısı da Azərbaycan dövlətinin beynəlxalq mövqelərinin möhkəmlənməsini nəzərdə tutur. Üstəlik də problemin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi artıq daha çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tələb edilir. Bütün bunları nəzərə alaraq, İlham Əliyev də 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli olacağını söyləyir”.

Onun sözlərinə görə, artıq açıq, ictimaiyyətə bəlli olan danışıqlar prosesi dalana dirəndiyindən danışıqların çoxu kulislər arxasında həyata keçirilir. “Kulislər arxasında da böyük güclərin nümayəndələri bu danışıqlarda iştirak edir. Rusiya bu məsələdə daha fəaldır. Təklif etdiyi ideyalar maraqlı və Azərbaycan üçün tam sərfəli olmasa da, hər halda, Rusiya təşəbbüsü öz əlinə alıb. Bununla ABŞ və Avropa Birliyinin Cənubi Qafqaza nüfuzunun qarşısını almağa çalışır. Amma bu güclər də bölgəyə nüfuz etməkdə qərarlıdır. Bu nöqteyi-nəzərdən söyləmək olar ki, kəskin siyasi rəqabət şəraitində problemin həllinə yanaşmalar və cəhdlər 2019-cu ildə artacaq”.

*****

“Lavrovun Bakı səfəri təkcə nazirlik xətti üzrə 2018-ci ilin işlərinə yekun vurulması ilə deyil, həm də gələn il üçün planlarla bağlı idi. Ona görə ki, başa çatmaqda olan ildə həll olunmayan mürəkkəb məsələləri gələn il həll etmək lazım gələcək”. Bunu isə rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk deyib. Onun sözlərinə görə, bu, ilk növbədə Qarabağ münaqişəsinin nizamlanması probleminə aiddir və Rusiya XİN rəhbərinin Bakı səfəri zamanı bu məsələyə xüsusi diqqət yetirilib.

“Məhz bu səbəbdən, Azərbaycan prezidenti İlham Əliyev, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın səylərini xüsusi vurğulayaraq, ümidvar olduğunu bildirib ki, 2019-cu il nizamlama prosesinə yeni impuls verəcək. Mühüm məqamlardan biri ondan ibarətdir ki, Rusiya XİN başçısı Bakıya Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləndən sonra gəldi. Bu seçkilər təkcə Qarabağa dair danışıqlar prosesi çərçivəsində deyil, həm də Ermənistanın özündə və bütün Cənubi Qafqazda hadisələrin gələcək inkişafına ciddi təsir göstərəcək. Üstəlik, ”yeni İrəvan"la Qarabağın rəhbərliyi arasında münasibətlər kəskinləşib", - deyə politoloq qeyd edib.

Trofimçuk vurğulayıb ki, həm Moskva, həm də Bakı daha dəqiq qərarlar qəbul etmək üçün bu faktı nəzərə almalıdır. O deyib: “Xüsusən ona görə ki, Vaşinqton bütövlükdə bu regiona və xüsusən Azərbaycana diqqətini artırıb, o cümlədən Bakıda ABŞ-ın yeni səfərini təyin edib. Başqa sözlə, o cümlədən beynəlxalq vəziyyətin xeyli mürəkkəbləşməsi ilə əlaqədar gələn il Qarabağ məsələsində formal mövqelərdə qalmaq, konkret tədbirlərdən yaxa qaçırmaq çətin olacaq. Bununla bərabər, prezident İlham Əliyev görüşdə qeyd edib ki, başa çatmaqda olan 2018-ci il Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından bütövlükdə səmərəli olub. Bu, həqiqətən belədir. Regionda baş verən mürəkkəb hadisələr fonunda Azərbaycan mahiyyət etibarilə Cənubi Qafqazda Rusiyanın ən etibarlı tərəfdaşına çevrilib. Azərbaycan prezidenti tərəfindən verilən bu yüksək qiymət gələn il üçün bir növ avansdır. Beləliklə, qazanılmış nəticələrin 2019-cu ildə praktikada daha da möhkəmlənməsinə heç bir maneə yoxdur”.

Qalır bu yöndə real nəticələri, öncəliklə də Qarabağ məsələsinin sülh yolu ilə həlli yönündə Rusiyanın, nəhayət, hərəkətə keçməsini gözləmək...
 \\musavat.com\\ 

Bənzər xəbərlər

Gündəm

0.030128955841064