12 yaşlı uşağı evinə çağırıb zorladı, sonra... - Azərbaycanda
Şirvan şəhərində azyaşlıya təcavüz etməkdə təqsirli bilinən Rusiya Federasiyasının Voronej şəhərində anadan olmuş, 2001-ci il təvəllüdlü Samir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə 2016-cı il dekabrın 17-də baş verib. Paytaxtın Biləcəri qəsəbəsindəki 18 saylı Peşə Litseyinin 1-ci kursunda təhsil alan Samir Abbasov həmin gün saat 15 radələrində yaşadığı Şirvan şəhərindəki Cihazlar zavodunun yataqxanasındakı mənzilə qonşuları olan 2004-cü il təvəllüdlü Sadiq Məmmədovu (zərərçəkmişin ad və soyadı şərti verilib – red.) çağırıb.
Onun çağırışı ilə Sadiq Samir Abbasovun yaşadığı evə gəlib. Bu zaman o, əvvəlcədən planlaşdırdığı kimi Sadiqlə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyini reallaşdırmaq istəyib.
Öldürməklə hədələdi, soyunmasını tələb etdi
Bu məqsədlə Samir Abbasov hədə-qorxu gələrək, Sadiq Məmmədovdan soyunmasını tələb edib. Əvvəlcə Sadiq onun dedikləri ilə razılaşmayıb.
Bu zaman Samir Abbasov stolun üstündə olan bıçağı götürərək, onu öldürməklə hədələyib. Bundan sonra azyaşlı oğlan soyunub.
Cinsi əlaqə
Daha sonra Samir Abbasov azyaşlı oğlanla qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı digər zorakılıq hərəkətləri edib. İntim əlaqədə olandan sonra Samir Abbasov ona baş verənlərlə bağlı heç kimə deməməsini tapşırıb. Amma azyaşlı baş verən hadisəni valideynlərinə danışıb.
Bundan sonra Sadiq Əliyevin valideynləri Şirvan şəhər polis şöbəsinə şikayət edib. Onların şikayəti əsasında saxlanılan Samir Abbasovun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
7 il 6 ay həbs
Samir Abbasova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə iş açılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Abbasov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Samir Abbasovun barəsində həbs qətimkan tədbiri seçilib, o, məhkəmə zalından həbs edilib.
Hökmdən narazılıq
Hökmdən narazı qalan Ulduzə Əhmədova apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində olan hökmün ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Həmçinin zərərçəkmiş şəxsin nümayəndəsi də apelyasiya şikayəti verib. Zərərçəkmiş tərəf təyin olunan cəzanın yüngül olmasından narazılıq edib. Bu səbəbdən apelyasiya şikayətlərində Samir Abbasovun barəsində olan cəzanın ağırlaşdırılmasını xahiş ediblər.
Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət araşdırılması üçün hakim Kamil Bəşirovun icraatına verilib.
Əxlaqsız hərəkət: zorakılıq, yoxsa...
Apelyasiya şikayətinin araşdırması zamanı təqsirləndirilən şəxsin vəkili Ulduzə Əhmədova apelyasiya şikayətində dəyişiklik edib.
Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsinə tövsif olunmasını xahiş edib. Vəkil qeyd edib ki, Samir Abbasov zərərçəkmişə zor tətbiq etmədən, zərərçəkmişin könüllü razılığı ilə əxlaqsız hərəkətlər edib.
Barışıq nə səbəbə olub?
Ulduzə Əhmədova birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, müdafiə etdiyi şəxsə Cinayət Məcəlləsinin 153-cü maddəsində nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını istəyib.
Vəkil qeyd edib ki, təqsirləndirilən şəxslə zərərçəkmiş barışıb, bu halda qərar qəbul olunan zaman nəzərə alınmalıdır.
Apelyasiya məhkəməsində araşdırma aparılan zaman zərərçəkmiş iclaslara gəlməyib. O, məhkəməyə teleqrama göndərib. Zərərçəkmiş qeyd edib ki, könüllü şəkildə, yəni öz xoşu ilə cinsi əlaqədə olub. O, məhkumla barışdıqlarını və bu halları nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş edib.
Cəza 7 il 6 aydan 3 ilə endirildi
Apelyasiya şikayətini araşdıran hakimlər sonda qərar açıqlayıb. Qərara görə, təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayəti qismən təmin edilib.
Samir Abbasova təyin edilmiş 7 il 6 ay müddətinə həbs cəzası 3 ilə qədər endirilib.