Səbailin icra başçısı Vüqar Zeynalovun “qoçu dəstəsi” də, 5 nəfər doğma-yaxını Qarabağ uğrunda gedən savaşlarda şəhid olan imkansız qadının evini başına uçurdu — BİABIRÇI ÖZBAŞINALIQ
Başçını vətəndaşa qarşı belə hörmətsizlik etməyə, “Moduleks”in rəhbər şəxsləri ilə əlbir olan rayon bələdiyyəsinin sədri Hacı Əliyevin təhrik etdiyi deyilir
Əsasən, paytaxt Bakının öz ərazisində yerləşən sənədsiz fərdi yaşayış evlərinin qeydiyyata alınması məsələsi, uzun müddətdir, aktual mövzular sırasında qalmaqda davam edir və hələ də, vətəndaşlar evlərinin söküləcəyindən narahatlıq keçirirlər. Hazırda isə, istər Bakıda, istərsə də regionlarda, çoxlarının bildiyi səbəblərdən, rəsmiləşdirilməyən yüz minlərlə ev var. Hətta bəzi mənbələrdə çıxarışı olmayan evlərin sayının 450 — 600 min aralığında olduğu xüsusi qeyd olunur. Cəmi-cümlətanı üçdə birinin rəsmi sənədi olan köhnə və yeni tikililərin, günü bu günədək, “kupça — çıxarış dərdləri” çözülməz bəlaya çevrilib. Bir sözlə, Azərbaycan paytaxtında çoxsaylı sənədsiz evlərin mövcud olması, çoxdandır ki, bir çoxları üçün, həlledilməz problem olaraq qalmaqdadır. Dövlət rəhbərinin sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı dəfələrlə ciddi tapşırıqları olsa da, hazırda belə, müvafiq dövlət qurumları, əsasən, inşa edilən bu yaşayış evləri üçün ayrılan torpaqların təyinatının fərqli olduğunu, əkin sahələrinin, xüsusi mühafizə sahələrində — neft buruqlarına, dəmir və magistral avtomobil yollarına yaxın, su və qaz kəmərləri keçən, eləcə də yüksək gərginlikli elektrik xətlərinin altındakı ərazilərin… belə bələdiyyə torpağı kimi satıldığını, ölkə paytaxtının tikinti sektorunun dinamik inkişafı ilə bağlı, şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalara əməl olunmamasını daha çox bəhanə gətirərək, Azərbaycan Prezidentinin göstərişlərinə uyğun olaraq, o torpaqlarda inşa edilən ev sahiblərinə çıxarış almaq istəyəndə, bu işi onların xeyrinə aparmaq istəmirlər.
Son vaxtlar, sənədsiz əmlak sahiblərinin sadələşdirilmiş formada “kupça” ala biləcəkləri də, gündəmdən düşməyən mövzular sırasındadır. Bu barədə, rəsmi qəbul edilən sənədlərə əsasən, demək olur ki, səmərəliliyin və şəffaflığın artırılması məqsədilə, 2024-cü ilin yanvar ayından etibarən, fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən də ala biləcəklər. Məqsəd, bu prosedurların şəffaflaşdırılmasına, asanlaşdırılmasına və konkretləşdirilməsinə ciddi töhfə vermək, bundan sonra, necə deyərlər, hətta müəyyən dövrdə qanunsuz tikilmiş evlərin və istismara yararlı qeyri-yaşayış obyektlərinin çıxarışla təmin edilməsinə, özbaşına tikilmiş bütün tikililərin mühəndis-kommunikasiya sistemlərinə qoşulma qadağasını aradan götürməkdir. Ən əsası odur ki, yeni dəyişikliklər nəzarətin gücləndirilməsi ilə yanaşı, gələcəkdə qanunsuz tikililərin qarşısının alınmasına xidmət edəcək. Konkret desək, heç yerə getmədən, ev və obyektləri sənədləşdirmək mümkünlüyünə münbit şərait yaranacaq.