Respublika Dəri-Zöhrəvi Dispanserində xəstələrin “dərisini soyurlar” – VİDEOFAKT
Rəsmi statistikaya görə, son iki il ərzində ölkəmizdə dəri-zöhrəvi xəstəliklərinə yoluxma halları ötən dövrlərlə müqayisədə xeyli artıb. Heç kimə sirr deyil ki, hər il dövlət büdcəsindən səhiyyə xərclərinin qarşılanması məqsədilə külli miqdarda vəsait ayrılır. Yəni bu vəsaitlə səhiyyə sistemində mövcud olan bir çox problemi həll etmək olar. Lakin təəssüflə vurğulamaq istəyirik ki, bəzi vəzifə sahiblərinin işlərinə biganə münasibət sərgiləmələri, ayrılan vəsaitləri təyinatı üzrə xərcləməmələri bu sahədə acınacaqlı vəziyyət yaradıb. Elə bunun nəticəsidir ki, hazırda Respublika Dəri-Zöhrəvi Dispanserinin fəaliyyəti qənaətbəxş hesab edilmir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlarda bildirilir ki, bu tibb müəssisəsi son illər ölkəmizdə geniş yayılan dəri-zöhrəvi xəstəliklərin tam və tez bir zamanda müalicə olunmasında o qədər də ciddi nailiyyət əldə etməyib.
Zöhrəvi xəstəliklərin hamısı insan həyatı üçün təhlükəlidir. Çünki bu cür xəstəliklər nəticəsində kişi və qadında sonsuzluq yaranır. Dispanserdə zöhrəvi xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının keyfiyyəti aşağı səviyyədədir. Buna görə də Respublika Dəri-Zöhrəvi Dispanserinə müraciət edən şəxslər çətin vəziyyətlə üzləşməli olurlar. Dispanserdə göstərilən bütün növ tibb xidmətlərinin qarşılığı var. Yəni bura müraciət edən vətəndaş həkimlə dialoqdan, müayinədən sonra mütləq əlini cibinə salmalıdır. Əks halda, həkimlər vətəndaşların şikayətinə qulaq asmaq istəmir və onların problemi ilə maraqlanmır. Vətəndaşların cumhuriyyet.az-a bildirdiyinə görə, qan və digər analizlərin öz qiyməti var. Laborator müayinə üçün vətəndaşlar əlavə olaraq «şirinlik» verməlidir. Bildiyiniz kimi, hələ bir neçə il öncə Respublika prezidenti İlham Əliyev dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdi. Ancaq prezidentin bu göstərişinə baxmayaraq Respublika Dəri-Zöhrəvi Dispanserində tibbi xidmətlərin əksəriyyəti pul ilə həyata keçirilir. Dispanserin baş həkimi xəstələrin “hər addımını” rüşvətə çevirib. Tibb ocağında çalışan həkimlər və laborantlar baş həkimə “yaxın olan”özəl klinika üçün müştəri cəlb edirlər. Baş həkimin yaratdığı bazar ab-habası səhiyyə ocağında həkimlərin, məlum özəl klinika üçün bu müəssisədən müştəri tapmaq meydanına çevrilib. Dispanserdə heç bir xəstə pulsuz müayinə edilmir. Baxmayaraq ki, Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında müalicə və müayinənin pulsuz olduğunu bildirir. Bütün deyilənlər cumhuriyyet.az olaraq təqdim etdiyimiz videosüjetlərdə bu səhiyyə ocağındakı korrupsiya faktları sübut edilir.
mozalan.az