Azad edilmiş ərazilərdə 110 mindən çox mina və PHS aşkarlanaraq zərərsizləşdirilib
Bu gün işğaldan azad olunmuş ərazilərimiz ciddi şəkildə mina təhdidi ilə üz-üzədir.
Mozalan.az xəbər verir ki, bunu “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfransda ANAMA-nın maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov deyib.
O bildirib ki, əvvəllər təmas xətti adlandırılan ərazilər boyu bu gün 300 minə yaxın vətəndaşımız məskunlaşıb: "Elə kəndlər var ki, orada mina xətti ilə həmin kənd arasında məsafə 50-70 metrdir. Vətən müharibəsindən sonra 337 Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həlak olub və yaxud müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 1991-ci ildən bu yana 3415 vətəndaşımız mina partlayışları nəticəsində həlak olmuş və yaxud bədən xəsarətləri alıb".
Ramil Əzizov çıxışı zamanı xatırladıb ki, ötən dövrlər ərzində ərazilərimizdə basdırılmış minaların kökünün kəsilməsi istiqamətində tədbirlərlə yanaşı minaların Ermənistan istehsalı olması ilə bağlı müxtəlif görüşlər, konfranslar keçirilib, hesabatlar dərc edilib: "Sevindirici haldır ki, bu minaların Ermənistanda istehsal edilməsi artıq təsdiq edilib. Ərazilərimiz təkcə minalarla çirkləndirilməyib. Həmçinin meşələrdə, məzarlıqlarda, çay kənarlarında və s. ağıllarına gələn istənilən partlayıcı sursat və qurğular müxtəlif məişət əşyalarına quraşdırılmaqla təhdidlər yaradır. Bu, təkcə mina problemi deyil, insanlıq əleyhinə problemdir".
"Bu günə qədər qədər azad edilmiş ərazilərdə 110 mindən çox mina və partlamamış hərbi-sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib. Təxminən yüz min hektardan artıq ərazi təmizlənib. Ümumilikdə 8 min kvadrat kilometrdən artıq ərazimiz şübhəli və çirklənmiş hesab olunur", - deyə o qeyd edib.