"Bu mənada Gürcüstan Azərbaycan üçün əhəmiyyətlidir"
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüş keçirilib.
Görüş zamanı çıxış edən Zakir Həsənov bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə qurumları arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif növ birgə tədbirlərin keçirilməsi imkanları və digər əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Müdafiə naziri qeyd edib ki, 2024-cü ildə Azərbaycanda üçtərəfli formatda müxtəlif hərbi əməkdaşlıq sahələri üzrə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.
Mozalan.az xəbər verir ki, Azərbaycan, Gürcüstan və Türkiyə hərbi əməkdaşlığının perspektiləri barədə Redaktor.az-a danışan hərbi ekspertRamil Məmmədli dedi ki, Xəzər və Aralıq dənizi hövzəsində, həmçinin dünyada baş verən proseslər artıq münasibətlərin bir qədər də dərinləşməsi və təhlükəsizlik məsələlərinə daha diqqətli yanaşılmasını tələb edir:
"Xüsusilə də Cənubi Qafqazda sülhün və əmin amanlığın davamlı olması üçün Azərbaycan-Gürcüstan münasibətlərinin və bu kontekstdə Türkiyənin də bu prosesdə iştirakının əhəmiyyətini artırır. Sual oluna bilər ki, hansı kontekstdə Azərbaycan, Gürcüstan və Türkiyə hərbi əməkdaşlığı mövcud ola bilər və davamlı ola bilər? Biz unutmamalıyıq ki, Gürcüstan Cənubi Qafqazın yeganə ölkəsidir ki, həm Azərbaycan üçün, həm Ermənistan üçün, ümumiyyətlə, Cənubi Qafqazın digər bölgələri üçün tranzit rolunu oynayır. Bu mənada Azərbaycan üçün də əhəmiyyətlidir. İlk növbədə nəzərə alaq ki, Azərbaycanın hərbi, müdafiə sənayesi məhsulları və hərbi texnoloji avadanlıqların daşınması məhz Gürcüstan üzərindəndir.
Gürcüstanın Azərbaycanla müttəfiqliyi, hərbi sahədə əməkdaşlığın dərin olması, ilk növbədə hərbi logistik daşınmalar baxımından əhəmiyyətlidir. Hərbi texniki sahədə də müəyyən əməkdaşlıq mövcuddur. Bu yaxınlarda Azərbaycanın Müdafiə Nazirliyinin rəhbər heyəti Gürcüstanda səfərdə olan zaman Delta Hərbi İstehsalat Birliyində olmuşdular. Yəni Azərbaycanla Gürcüstan arasında hərbi-texniki əməkdaşlıq reallaşa bilər. Çox təəssüf ki, bu günə qədər bu istiqamətdə dərin işlər aparılmayıb. Amma bundan sonra ümid edək ki, birgə layihələrin həyata keçirilməsi mövcud ola bilər və bu prosesdə Türkiyənin də müdafiə sənayesi kompleksinin iştirakı əhəmiyyətlidir. Həmçinin hərbi strukturlarının da əməkdaşlığı əhəmiyyətlidir. Bölgədə "3+3" formatının yaradılması istiqamətində də işlər aparılır və bu kontekstdə də Azərbaycan, Gürcüstan, Türkiyə hərbi əməkdaşlığın dərinləşməsi vacib amillərdən biridir".
Humay İSGƏNDƏRLİ