Nov 25

Abşeronun başçısı dövlətə sədaqətlə xidmət edir: Fərzəliyevə çamur atanların planları necə fiaskoya uğradı?

Azərbaycan Prezidenti İlham Əliyev öz açıqlamalarında dəfələrlə bəyan edib ki, “Nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilir".

Biz Qarabağ məsələsindən tutmuş, daxili və xarici siyasətdə atılan bütün addımlara kimi bu sözün əmələ çevrildiyinin şahidi olmuşuq. Bəli, Prezident öz sözündə sadiqdir və hansı addımı nə vaxt atmaq lazım olduğunu da yaxşı dərk edir. Xarici siyasətdə baş verənlər göz qabağındadır. Qarabağ kimi nəhəng bir problemi Əliyev öz siyasi iradəsi və qətiyyəti sayəsində həll edib. Yatıb yuxumuzda belə xəyal edə bilməyəcəyimiz arzularımız gerçəkləşib. Ən əsası, dünya Azərbaycanın gücə çevrilməsi ilə barışmaq məcburiyyətində qalıb. Bütün bunlar Əliyevin Prezident seçildiyi 20 il ərzində xarici siyasətdə gördüyü işlərin pik nöqtəsi sayıla bilər. Ancaq prioritet təkcə xarici siyasətlə yekunlaşmır. Ölkə başçısı daxildəki problemləri də diqqət mərkəzində saxlayır, kadr məsələlərinə çox böyük önəm verir, məmur özbaşınalığı və korrupsiya hallarına qarşı mübarizədə çox ciddi mövqe sərgiləyir.
Elə bunun nəticəsidir ki, son bir neçə il ərzində işinin öhdəsindən gələ bilməyən, etimadı doğrultmayan, Prezidentin tapşırıqlarını yerinə yetirmək əvəzinə öz şəxsi mənafeyini güdən onlarla məmur barəsində ölçü götürülüb. Eyni zamanda korrupsiya və rüşvətxorluqla məşğul olan icra başçıları, nazirlər və müəssisə rəhbərləri cinayət məsuliyyətinə cəlb edilib. Qısacası, bütün bu istiqamətlərdə görülən işlər göz qabağındadır və əlavə şərhə ehtiyac yoxdur.

Bu gün yüksək vəzifə tutan, dövlətə və dövlətçiliyə xidmət edən bir çox məmurlar məhz etimadı doğrultduqları üçün öz postlarını qoruya biliblər. Belə məmurlardan biri də Abşeron kimi böyük rayona rəhbərlik edən Abdin Fərzəliyevdir.Uzun müddət Nərimanov rayonuna rəhbərlik edən Fərzəliyev haqqında indiyədək yerli mediada bir çox əsassız və uydurma ittihamlar səsləndirilsə də, icra başçısı humanistlik göstərərək heç bir reaksiya sərgiləməyib. Bəli, Fərzəliyev məhkəməyə müraciət edə, haqqında yazılan uydurma ittihamlara görə, "qələm əhli"ni cəzalandıra bilərdi. Amma icra başçısı daha vacib işlərə vaxt ayırmağa, Prezidentin tövsiyə və tapşırıqlarını yerinə yetirməyə çalışıb. "Sarı mətbuat" isə "klanlararası savaş"ın alətinə çevrilərək əsassız ittihamlar və iddialar irəli sürməkdən yorulmayıb. Təbii ki, söhbət peşəkar jurnalistikadan və peşəkar jurnalistlərin yazdıqlarından getmir. Məsələ reketlik etməklə 5-10 manat pul qazanmağa çalışan "jurnalist"lərin təxəyyülündən çıxan "materiallar"dan gedir. O materiallar ki, heç bir fakta söykənməyib və əsası-sübutu olmayıb. Ancaq "sarı mətbuat"ın yazdıqlarına inansaq, o zaman Fərzəliyevin "dünyanın yarısına sahib olduğunu" görməliydik. Hərçənd, uzun müddət Nərimanov rayonunun, indi də Abşeronun icra başçısı olan Abdin Fərzəliyev sadə həyat tərzi ilə seçilən, cəmiyyət arasında olan, şəhid ailələri və qazilərə xüsusi diqqət yetirən bir məmur kimi tanınır.

Təəssüflər olsun ki, "klanlararası savaş"ın qurbanına çevrilən, özü isə bu kimi məsələlərdən uzaq duran icra başçılarından biri də məhz Abdin Fərzəliyev olub. O, hər zaman Prezidentin verdiyi tapşırıqları yerinə yetirmək üçün səy göstərib. Lakin Fərzəliyevi həzm edə bilməyənlər, onun dövlət və dövlətçilik üçün çalışmasından narahat olanlar daim icra başçısına çamur atmağa çalışıb. Elə bunun nəticəsidir ki, Fərzəliyevi Mehdiyev-Həsənov tandemi ilə bağlamaqdan çəkinməyiblər. Hətta Mehdiyev və Həsənov vəzifədən çıxarılan zaman Fərzəliyevin də öz postu ilə vidalaşacağını, həbs olunan icra başçılarının aqibətini yaşayacağını deyənlər də tapılıb. Bütün bunlar azmış kimi onu "ən varlı icra başçısı" kimi təqdim edənlər də az olmayıb. Ancaq bütün məkrli planlar fiaskoya uğradı. Abdin Fərzəliyevə çamur atmaq istəyənlərin özləri quyuya düşdülər. Prezident isə Fərzəliyevə etimad göstərərək onu Abşeron kimi böyük bir rayona icra başçısı təyin etdi. Bu, Fərzəliyevin sədaqətli və düzgün xidmətinin nəticəsi kimi dəyərləndirilə bilər.

İndi də Abdin Fərzəliyevi gözü götürməyənlər onun haqqında əllərində saxladıqları media qurumları vasitəsilə şər-böhtan yazdırmaqdan çəkinmirlər. Bir neçə gün öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Abşeron Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatı əlində bayraq edənlər bununla Fərzəliyevə yenidən çamur atmağa çalışırlar. Hərçənd İcra Hakimiyyətlərində bu kimi əməliyyatların keçirilməsi adi haldır və günahı olanların cəzalandırılması dövlət tərəfindən mütəmadi şəkildə həyata keçirilir. Fərzəliyev isə işinin başındadır. Bu, o deməkdir ki, ona qarşı həyata keçirilən məkrli kampaniya yenidən fiaskoya uğrayıb. Necə deyərlər, "dəyirman öz işindədir, çax-çax baş ağrıdır".
Qeyd edək ki, Abdin Fərzəliyev istər Nərimanov rayonuna, istərsə də Abşerona rəhbərlik etdiyi dönəmdə hər iki rayonun abadlaşması, inkişaf etdirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün çalışıb. Ən əsası isə Prezident İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqları doğru-düzgün formada yerinə yetirib. Bununla yanaşı, Fərzəliyevi yaxından tanıyanlar onun şəhid ailələrinə və qazilərə xüsusi münasibət sərgilədiyini, onlarla vaxtlı-vaxtında görüşdüyünü, problemlərini dinlədiyini və həlli üçün əlindən gələni əsirgəmədiyini vurğulayırlar. Eyni zamanda Fərzəliyev Abşeronda məmur özbaşınalığına son qoyan icra başçısı kimi də tanınır. Bütün bunlar onun dövlətə, dövlətçiliyə və Prezidentə bundan sonra da sədaqətlə xidmət edəcəyini deməyə əsas verir.

Bənzər xəbərlər

Gündəm

0.03469705581665