İcra hakimiyyətlərinin tender oyunu - lazımi tədbirlər görəcək
İcra hakimiyyətlərinin fəalliyyəti ilə bağlı neqativ informasiyalar zaman-zaman cəmiyyətin, medianın müzakirəsinə çıxır. Xüsusilə müvafiq qurumların yoxlama ilə aşkarladığı nöqsanlar uzun müddət müzakirə predmeti olur. Bir müddət öncə Hesablama Palatasının apardığı yoxlamalar zamanı 14 İcra hakimiyyətinin büdcə vəsaitlərinin xərclənməsi zamanı yeyintiyə yol verdiyi məlum olub. Əldə olunan məlumatlar aidiyyəti üzrə Milli Məclisə və Bakı şəhər Baş Prokurorluğuna göndərilib.
Son günlər isə bir sıra rayonların icra başçıları qanunsuz tikintilələ bağlı gündəmə gəlir. Bu ilin oktaybrında prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında qanunsuz tikililərlə bağlı sərt mövqe bildirmişdi. Ölkə başçısı qeyd etmişdi ki, Bakı və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır:
“Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”.
Amma icra hakimiyyətlərindən gələn neqativ xəbərlər təkcə qanunsuz tikintilərlə bağlı deyil. Bugünlərdə Tovuz rayon İcra Hakimiyyəti ilə bağlı maraqlı məqam üzə çıxıb. Belə ki, Tovuz İcra Hakimiyyəti keçirdiyi tenderlərin qaliblərini elan edib. İcra Hakimiyyəti 2018-ci ilin əvvəlindən bu günə kimi 6 müqavilə bağlayıb. Bağlanılan müqavilələrin ümumi dəyəri 321 min 18 manat təşkil edib.
İcra Hakimiyyəti ən çox müqaviləni fərdi şəxs olan Xanlar Namazovla bağlayıb. Bu şəxslə bağlanan 3 müqavilənin ümumi dəyəri 24 min 247 manat olub. İcra Hakimiyyəti tərəfindən ən yüksək məbləğdə müqavilə “Kərbəlayınamazlı” MMC ilə bağlanıb. Bu müqavilənin ümumi dəyəri 197 min 838 manat olub. Azərbaycan təcrübəsindən aydındır ki, tenderlərin qalibləri adətən layihəni həyata keçirən qurumun rəhbərinə yaxın şəxsə məxsus olur. Müxtəlif tenderlərdə eyni şirkətlərin adlarının sadalanması da bu qənaəti təsdiqləyir. Belə görünür ki, Tovuz rayon İcra Hakimiyyəti də dövlətin verdiyi vəsait hesabına həyata keçirdiyi layihələri “tanışlıq” prinsipləri ilə icra edir. Nəticədə isə bu cür mənzərə yaranır. “Tanışılıq” prinsipi isə qurumlarda dövlət vəsaitinin mənimsənilməsi, təyinati üzə xərclənməməsinə imkan verir. Görünən odur ki, “balaca padşahlar” bütün xəbərdarlıqlara baxmayaraq yenə də öz işində, nəticə isə göz qabağındadır. Ümid edək ki, aidiyyəti qurumlar qanunsuz fəaliyyətlə məşğul olan, dövlət vəsaitini mənimsəyəm məmurlar haqqında lazımi tədbirlər görəcək.