Bolqarıstanda mindən çox yaşayış məntəqəsi işıqsız qaldı
Fövqəladə hallar briqadaları Bolqarıstanın güclü qar yağan ərazilərində elektrik təchizatını bərpa etməyə çalışırlar.
Baş nazir Nikolay Denkovun brifinqdə verdiyi məlumata görə, ölkənin mindən çox yaşayış məntəqəsində elektrik enerjisi yoxdur.
“Mindən çox yaşayış məntəqəsində elektrik enerjisinin verilişi hələ də bərpa olunmayıb, bir sıra ərazilərdə, ilk növbədə ölkənin şimal-şərqində yaranmış ağır vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edilib”, - baş nazir bildirib.
N. Denkov vurğulayıb ki, qar və qasırğa küləklərinin nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir, lakin zərərin tez aradan qaldırılmasını gözləmək olmaz, çünki bir çox yerlərdə zədələnmiş ərazilərə çatmaq sadəcə mümkün deyil.
Yollarda, xüsusən də aşırımlarda ağır avtomobillərin hərəkəti məhdudlaşdırılır, qatarlar uzun ləngimələrlə hərəkət edir.
Mənbə: TASS