“Zəfərin rəngi” rəsm müsabiqəsinin yekun sərgisi açılıb
Noyabrın 24-də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Zəfər Gününə həsr edilmiş “Zəfərin rəngi” rəsm müsabiqəsinin yekun sərgisinin açılışı keçirilib.
Mozalan.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin sədri Ülviyyə Bəbirli Azərbaycan gənclərinin Vətənə olan sevgilərini öz əsərləri ilə sübut etmələrinin sevindirici hal olduğunu bildirib. Qeyd edib ki, ictimai birliyin əsas məqsədi yaradıcı gəncləri üzə çıxarmaq, onları ictimaiyyətə yaxından tanıtmaqdır.
Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağaəli İbrahimov sərginin əhəmiyyətini yüksək qiymətləndirib, sərgi çərçivəsində peşəkar və həvəskar rəssamlar bir araya gəlməsinin təqdirəlayiq olduğunu deyib: “Ulu öndər hər zaman rəssamlara xüsusi diqqət və qayğı göstərirdi. Onun özünün çəkdiyi rəsmlər hazırda Naxçıvanda dahi şəxsiyyətin adını daşıyan muzeydə qorunur. Bu gün təqdim olunan əsərlər həm də gələcək nəsillər üçün bir tarix, örnək və sənət səhifəsidir”.
Sonra Xalq rəssamı Arif Hüseynovun Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə "Şərəf" ordeni ilə təltif olunması münasibətilə ictimai birliyin sənətkara təbrik məktubu oxunub.
Arif Hüseynov sərgidə iştirak edən hər bir müəllifin mövzuya fərqli yanaşmasından söz açıb. Bildirib ki, bu yanaşmaların fərqliliyi həm də rəssamlıq məktəbimizin zənginliyinin göstəricisidir.
Daha sonra bu ilin oktyabr ayında elan edilmiş rəsm müsabiqəsinin qalibi olan 13 müəllifə peşəkar, həvəskar, əbədi qardaşlıq, fərqlənmə kateqoriyaları üzrə diplom və mükafatlar təqdim olunub.
Sonda qonaqlar sərgi ilə tanış olublar. Noyabrın 25-dək davam edən sərgidə müəlliflərin ümumilikdə 70-ə yaxın əsəri yer alıb.