"Cəmi 20 gün işləyəcək, 800 manat alacaq"
Milli Məclisin deputatı Musa Quliyev deyib ki, insanlar təhsil alırlar, sonra da diplomu ilə küçədə qalırlar.
Deputatın fikrincə, Azərbaycanda hamının ali təhsil alması dəb olub:
"İnsanlar ali təhsil alırlar, sonra da diplomu ilə qalırlar, öz ixtisasına uyğun iş tapa bilmirlər. Amma texniki peşə məktəbi var, insanlar gedib orada sənət öyrənə bilərlər”.
Mozalan.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, hazırda ölkənin 51 ali təhsil müəssisəsində bakalavr və magistratura pilləsində 18 7000 tələbə təhsil alır.
Onun sözlərinə görə, 54 orta ixtisas təhsil müəssisəsində, kolleclərimizdə ümumilikdə 60 minə yaxın subbakalavr tələbə var:
"Amma peşə təhsili müəssisəsində hazırda 40 mindən çox tələbəmiz var. Ali təhsil müəssisələrindən məzun olanların yalnız 42 faizi ixtisas üzrə işləyir. Yəni əmək bazarında həm iş tapır və yaxud da ki, öz ixtisası üzrə işləyə bilir. Bu gün Azərbaycan ali təhsil müəssisələri əmək bazarının tələbinə və müasir standartlara cavab verən kadr hazırlığından əziyyət çəkirlər. Əslində hazırlaya bilmirlər. Bunun bir neçə səbəbi var: madditexnik bazanın zəifliyi, kadr potensialının çatışmazlığı. Bunlar vacib amillərdir. Təbii, məsələnin həlli kimi peşə təhsili müəssisələrinə meyillənməni hədəf olaraq görə bilmirik. Bu gün peşə-təhsil müəssisələrinin heç də hamısının madditexniki bazası yüksək deyil, avadanlıqları yoxdur, müasir kurikulumları yoxdur. Yalnız 3-4 dənə peşə təhsil müəssisəsində müəyyən müasir innovativ yeniliklər tətbiq edilib. Bir məqamı xüsusən qeyd edim ki, bizim qeyd etdiyimiz sənət sahələri geniş auditoriya üçün deyil. Məsələn, misgərlik, dulusçuluq - o qədər də əmək bazarında iş tapa bilmirlər. Üç nəfər beş nəfərdir. Hansısa misgər və yaxud da dülgər gedib Neftçalada neyləyəcək? Yəni bu, spesifik sahədir. Bundan çox ola bilməz".
Ekspertin fikrincə, tikinti mütəxəssisinə ehtiyac var:
"Əmək bazarında ağac budayıcı işi var. Hazırda vakantdır. 800 manat maaşdır. Cəmi 20 gün işləyəcək, ağacları budayacaq müəyyən firmada 800 manat alacaq. Bizə görə 20 gün üçün yaxşı bir əməkhaqqıdır. Amma həmin adam 20 gündən sonra neyləyəcək? Tutalım, hər hansı bir ərazinin suvaq edilməsi, təmizlənməsi və yaxud da yollara daş düzülməsi mövsümi xarakterli işlərdir. Məsələn, Bərdədə kələm yığımı ilə bağlı mütəxəssis lazımdır. Peşə məktəbi hazırladı, o adam nə qədər işləyəcək? 20 gün işləyəcək və kələm yığıldı, qurtardı. Ondan sonra bu insan nə edəcək? Yəni il ərzində həmin insanın aktiv əmək fəaliyyəti ilə məşğul olması üçün yerlər yoxdur. Bəli, biz peşələri öyrətsək daha yaxşıdır. Kifayət qədər ehtiyac var. Kimsə ali təhsillidir, amma az pul qazanır, kimsə maşın ustasıdır, daha çox pul qazanır. Yəni biz məktəblərdə peşə siniflərinin sayını çoxaltmalıyıq. Uşaqlar 11-ci sinifdə niyə məktəbə gedirlər? Heç nə öyrənmirlər. Əvəzində onlara həmin məktəbdə peşə mütəxəssislərini çağırıb müəyyən peşələri öyrətmək olar. Yəni məktəblərdə biz peşə siniflərinin sayını çoxaltsaq, hamı üçün əlçatan olur. Yenə deyirəm, bu gün ölkədə peşə məktəblərinin sayı o qədər də çox deyil. 66-a yaxın peşə məktəbi qalıb və burdakı yerlər uzaqdır. Məsələn, böyük rayonlar var, orada peşə məktəbləri uzaqdır. Amma biz peşə siniflərinin hər birini məktəbin özündə açsaq, çox rahat olar".
Həmidə İBRAHİMLİ