Nov 22

"Həm bu evə yiyələnib, həm də təmsil olunduğu rayonda ev tələb etmək hüququ mümkün deyil" - AÇIQLAMA

Bildiyimiz kimi, ölkənin 30-dan artıq şəhər və rayonunda qaçqın və məcburi köçkünlər üçün 115 yeni qəsəbə və çoxmətəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Qaçqın və məcburi köçkünlər üçün tikillər isə onlara müvəqqəti yaşayış üçün verilmişdi.

Torpaqlarımız azad olunduqdan sonra isə həmin mənzillərin aqibəti sual doğuran məsələ oldu. Çünki azad edilən ərazilərdə quruculuq işlərinin sürətlə davam etdirilməsi köç prosesini də sürətləndirməsinə gətirib çıxardı ki, bu da mənzillərin aqibəti barədə sualı ortaya çıxarır.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərə köç edən şəxslərin yaşadıqları müvəqqəti mənzili dövlətə təhvil vermələri bildirilir. Ancaq müəyyən səbəblərdən azad olunan ərazilərə köçə bilməyən şəxslər də var. Bəs, həmin şəxslərin yaşadığı mənzillərin aqibəti necə olacaq? Həmin mənzillər də dövlətə təhvil veriləcəkmi?

Mozalan.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev dedi ki, həmin mənzillərlə bağlı hazırda qərar qəbul edilməyib:

"Nəzərinizə çatdırırıq ki, Böyük Qayıdış çərçivəsində indiyədək Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın rayonunun Zabux kəndinə, Laçın və Füzuli şəhərlərinə ümumilikdə 800-dən çox ailə köçürülüb. Doğma yurdlarına köçürülənlər əsasən, Bakı, Sumqayıt və Abşeron olmaqla müxtəlif ərazilərdə, tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya, pioner düşərgəsi və digər inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilən qəsəbələrdə yerləşən mənzillərlə bağlı hazırda qərar qəbul edilməyib".

Mövzu ilə bağlı danışan Milli Məclisin Kəlbəcər rayonunu təmsil edən deputatı Aqil Məmmədov dedi ki, 30 il müddətində cənab Prezidentin tapşırığı əsasında çətin vəziyyətdə yaşayan məcburi köçkünlərimiz üçün qəsəbələr tikilib və onların ixtiyarına verilib:

"Yəni minlərlə ailə evlə təmin olunub. Artıq torpaqlarımız işğaldan azad olunub, qayıdış proqramı qəbul olunub. Qayıdış planına əsasən mərhələli şəkildə yaşayış məntəqələri tikilib, əhalinin köçürülməsi təmin olunmalıdır. Bu proses artıq başlayıb, bir çox rayonlarımıza köç davam edir. Nəticədə də dediyiniz suallar yaranır. Məcburi köçkünlərimizin və yaxud digər imtiyazlı ailələrimizin mənzillərlə təminatı mövcud qanunvericiliyimizə uyğun olaraq tənzimlənir. Belə ki, məcburi köçkün dövlət tərəfindən bir dəfə evlə təmin oluna bilər və köç də məcburi deyil, könüllüdür. Bu gün biz demokratik, hüquqi bir dövlətin ərazisində yaşayırıq. Heç kim heç kimi məcbur etmir ki, burda yaşama, get orada yaşa. Əgər dövlət tərəfindən evlə təmin olunan bir keçmiş məcburi köçkünümüz öz doğulduğu torpağa müəyyən səbəblərdən getmək istəmirsə, dövlət verən evdə də öz həyat tərzini davam etdirə bilər. Bu getməmək səbəbi də əsasən vətəndaşların işiylə bağlı prosesdir. Amma həm bu evə yiyələnib, həm də təmsil olunduğu rayona gedib, o rayonda yenidən dövlətdən ev tələb etmək hüququ mümkün deyil. Dövlət evlə bir dəfə təmin edə bilər. Əgər vətəndaş köçmürsə, burada dövlət tərəfindən evlə təmin olunubsa, köçməmək o demək deyil ki, evi əlindən alınacaq. O da Azərbaycan vətəndaşıdır, keçmiş məcburi köçkündür, dövlət tərəfindən evlə təmin olunub və burada yaşayıb qalmaq hüququ var".

 

 

Humay İSGƏNDƏRLİ

Bənzər xəbərlər

Gündəm

0.027884960174561