HAMAS-ın israilli girovları azad etməsi ilə bağlı detallar açıqlanıb
HAMAS-ın israilli girovları azad etməsi ilə bağlı detallar açıqlanıb.
Mozalan.az xəbər verir ki, bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.
Telekanalanın məlumatına görə, razılaşmanın cümə axşamı və ya cümə günü (24 və ya 25 noyabr) həyata keçiriləcəyi gözlənilir.
Qətərin vasitəçiliyi ilə imzalanan razılaşmaya əsasən, HAMAS-ın nəzarətində olan 50 israilli İsrail həbsxanalarında olan 150 fələstinli məhbusun əvəzində azad ediləcək. Razılaşma həmçinin döyüşlərdə dörd günlük fasilə və yanacaq da daxil olmaqla humanitar yardımla dolu 300 yük maşınının Qəzzaya daxil olmasını da əhatə edir.
Razılaşma atəşkəsin uzadılmasına və hər iki tərəfin əlində olan daha çox uşaq və qadının potensial azadlığa buraxılmasına imkan verir.
İsrail telekanalı azadlığa buraxılacaq israillilər arasında 30 uşaq, 8 ana və daha 12 qadının olacağını bildirib. İsrail tərəfi hər israillinin müqabilində üç fələstinli məhbusu azad edəcək. 4 günlük atəşkəs müddətində hər gün 12-13 israilli girovun azad ediləcəyi gözlənilir.
Bildirilib ki, daha 20 israilli girov atəşkəsin 2 günlük uzadılması üçün azad oluna bilər. "İsrail ordusu Qəzzanın şimal hissəsinə nəzarəti davam etdirəcək. Yanacaq yalnız atəşkəs dövründə Qəzzaya buraxılacaq", - telekanal məlumat verib.
İlk mərhələdə 10 israilli girovun azad ediləcəyi, bundan sonra isə fələstinli məhbusların birinci qrupunun azad ediləcəyi gözlənilir.
İsrailin KAN radiosu isə rəsmi mənbəyə istinadən bildirib ki, azad ediləcək bütün girovlar İsrail vətəndaşıdır. "HAMAS xarici vətəndaşları azad etsə, bu, razılaşmadan kənar olacaq. Atəşkəs dövründə hava hücumları sutkada 6 saat dayandırılacaq", KAN radiosu bildirib.