Sahibə Qafarova Qoşulmama Hərəkatının konfransında çıxış etdi - FOTO
Milli Məclisin Sədri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova noyabrın 21-də Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Bakıda keçirilən konfransında çıxış edib.
Milli Məclisin sədri çıxışına başlayaraq deyib ki, qadınlar öz fərqli baxışları, səmimiyyəti, enerjisi və gücü ilə bizə ilham vermək və dünyamızı işıqlandırmaq qabiliyyətinə sahibdirlər. Təəssüf ki, bu gün dünyamız hələ də qadınların həyatına son dərəcə mənfi təsir göstərən bir-biri ilə sıx əlaqəli olan bir sıra böhranlarla üzləşir. Bütün bunlar gender bərabərliyinə nail olmaq və qadınları gücləndirmək sahəsində hələ də maneə olaraq qalmaqdadır.
Bütün çətinliklərə baxmayaraq, gender bərabərliyinin və qadınların səlahiyyətlərinin artırılmasının beynəlxalq siyasi və inkişaf gündəminin ayrılmaz hissəsinə çevrildiyini görməyin sevindirici hal olduğunu deyən Sahibə Qafarova, bunun bərabər hüquqlara və bərabər imkanlara əsaslanan daha yaxşı cəmiyyəti qurmaq üçün vacib olduğunu bildirib.
Bu gün, “Davamlı İnkişaf üzrə 2030-cu il Gündəliyi”nin həyata keçirilməsinə on ildən az bir müddətin qaldığını deyən parlamentin spikeri, nəzərə çatdırıb ki, gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması dünyada dayanıqlığın, sülhün və tərəqqinin inkişaf etdirilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi kontekstində əvəzolunmaz olaraq qalır.
Bu konfransda qadın hüquqlarının təbliği və qadınların cəmiyyətdə və dövlət idarəçiliyində imkanlarının genişləndirilməsində mühüm nəticələr əldə etmiş bir ölkəni təmsil etməkdən fəxarət hissi duyduğunu deyən Sahibə Qafarova, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk dəfə olaraq Avropa ölkələrinin əksəriyyətindən öncə qadınlara səsvermə hüququ verdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd olunub ki, hələ keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra bu sahədə xeyli irəliləyiş əldə olub.
Parlamentin spikeri, bu il 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qadınların cəmiyyətdə rolunun artırılması məsələsinə xüsusi önəm verdiyini, onun bu sahədə dövlət siyasətinin formalaşdırılmasına xüsusi diqqət və qayğı göstərdiyini bildirib. O, Ailə, Qadın və uşaq İşləri üzrə Dövlət Komitəsinin yaradılmasını bu sahəyə sistemli və struktur yanaşmanın tətbiqində həlledici rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, parlamentimizdə Ailə, Qadın və uşaq məsələləri üzrə komitənin yaradılması bu sahədə hökumət-parlament əməkdaşlığının təmin edilməsi istiqamətində atılmış mühüm addımlardandır. Qadınların rolunun artırılması, onlara münasibətdə dövlət siyasətinin formalaşdırılması, gender bərabərsizliyinin və qadınlara qarşı zorakılığın aradan qaldırılması barədə müvafiq sərəncamların, həmçinin qanunların qəbul edilməsi bu əməkdaşlığın mühüm nəticələrindən hesab oluna bilər.
Sahibə Qafarova bildirib ki, Azərbaycanda qadınlar ölkənin ictimai həyatının bütün sahələrində fəal iştirak edir, yüksək rəhbər vəzifələr tuturlar. Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevanın həyata keçirdiyi möhtəşəm ictimai və siyasi fəaliyyət qadınlarımızın cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi dəyərli töhfələri təcəssüm etdirir.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatının sədridir. Bu sədrlik dövründə ölkəmiz hərəkat üzvləri arasında birliyi və çoxşaxəli əməkdaşlığı gücləndirmək öhdəliyini dəfələrlə nümayiş etdirmişdir. Bu konfransın Azərbaycan Respublikasının Prezidenti, Hərəkatın sədri, Zati-aliləri cənab İlham Əliyevin üzv dövlətlər arasında həmrəylik, dialoq və əməkdaşlıq ruhunun daha da möhkəmləndirilməsinə yönəlmiş səylərinin daha bir sübutu olduğunu deyən parlamentin spikeri, ölkə Prezidentinin Hərəkata sədrliyi dövründə bir sıra təşəbbüslərlə çıxış etdiyini də iştirakçıların diqqətinə çatdırıb.
Qoşulmama Hərəkatının institusional inkişafını Azərbaycanın Hərəkatda sədrliyinin əsas nəticələrindən biri kimi qiymətləndirən Milli Məclisin sədri, bu mənada Parlament Şəbəkəsinin yaradılmasını mühüm addım adlandırıb. Parlament diplomatiyasının qlobal məsələlərdə, xüsusən də beynəlxalq problemlərin həllində çoxtərəfliliyin və qlobal əməkdaşlığın qorunub saxlanmasının heç vaxt olmadığı qədər prioritet daşıdığı cari beynəlxalq çətinliklər fonunda mühüm vasitəyə çevrildiyi qeyd edilib.
Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında dövlət və hökumət başçılarının Qoşulmama Hərəkatının üzv ölkələrin parlamentariləri arasında qarşılıqlı fəaliyyətin, əməkdaşlığın genişləndirilməsinə və dərinləşdirilməsinə qərara verdikləri diqqətə çatdırılıb. Bunun nəticəsi olaraq, Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 2021-ci ilin noyabrında Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Madrid şəhərində təsis olunduğu barədə məlumat verilib.
Yarandığı vaxtdan az müddət keçməsinə baxmayaraq, Parlament Şəbəkəsinin qlobal parlament diplomatiyasının fəal iştirakçılarından birinə çevrildiyini deyən parlamentin spikeri, Şəbəkənin Bakıda və Manamada keçirdiyi konfranslarını Şəbəkənin institusional inkişafı baxımından həlledici adlandırıb.
2022-ci ilin iyun ayında keçirilən Bakı Konfransında Şəbəkənin Əsasnaməsinin, Bakı Bəyannaməsinin, Şəbəkənin rəsmi loqosunun və bayrağının təsvirinin qəbul edildiyi, Şəbəkənin sədrinin və üç sədr müavinin növbəti üç il müddətinə seçildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, bu ilin martında Manamada keçirilmiş ikinci konfrans, Şəbəkənin təşkilati formalaşması və səmərəli fəaliyyət göstərməsi üçün iş qaydalarının daha da təkmilləşdirilməsinə öz müsbət töhfəsini verib.
Hər iki konfransın Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentarilərinin və parlamentlərarası təşkilatların nümayəndələrinin fəal iştirakı ilə keçirildiyini deyən Sahibə Qafarova, ümumilikdə bu konfranslara 700-ə yaxın iştirakçının qatıldığını bildirib. Qısa müddət ərzində Qoşulmama Hərəkatı ölkələrinin 60 parlamentinin Şəbəkəyə üzvü olduğu diqqətə çatdırılıb, yeni üzvlərin sayının daim artması Qoşulmama Hərəkatına üzv dövlətlərin parlament əməkdaşlığına verdiyi əhəmiyyətin bariz nümunəsi kimi qiymətləndirilib.
Şəbəkəyə üzv ölkə parlamentlərinin parlamentlərarası platformalarda da fəal şəkildə təmsil olunduğunu deyən Sahibə Qafarova, Şəbəkənin hazırkı sədri qismində bu günədək "Böyük iyirmilik" ölkələrinin (G20) Parlament Sədrlərinin Sammitində və Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü də daxil olmaqla bir sıra mühüm tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb.
Çıxış zamanı, parlamentlərarası təşkilatlarla institusional dialoqun inkişafının Parlament Şəbəkəsinin əsas fəaliyyət istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb, hazırda Şəbəkənin bir sıra parlamentlərarası təşkilatlara müşahidəçi statusu verdiyi və bu təşkilatlarda müşahidəçi statusu əldə etdiyi qeyd olunub. Bundan əlavə bildirilib ki, Şəbəkə parlamentlərarası əməkdaşlıqda iştirakını genişləndirərək, bir sıra nüfuzlu parlament institutları ilə də əməkdaşlıq haqqında Anlaşma Memorandumları imzalayıb.
Sahibə Qafarova deyib ki, Qoşulmama Hərəkatının ideallarının və dəyərlərinin təşviqi Şəbəkəmizin vacib fəaliyyət istiqamətlərindəndir. Bu mənada, üzv dövlətlərin hökumətləri ilə sıx əməkdaşlıq, Şəbəkəyə ümumi hədəflərə nail olmaq istiqamətində parlament töhfəsini verməyə imkan verib. Beləliklə də, yarandığı gündən bəri Parlament Şəbəkəsi Qoşulmama Hərəkatı çərçivəsində hökümətlərin qəbul etdiyi qərarlara tərəfdar çıxaraq, onları öz iş prosesində və yekun sənədlərində əks etdirib.
Bildirilib ki, Qoşulmama Hərəkatının pandemiyadan sonrakı qlobal bərpa təşəbbüslərinə kollektiv dəstəyin göstərilməsi, həmçinin "Azərbaycan sədrliyinin irəli sürdüyü Qoşulmama Hərəkatının post-pandemiya dövründə qlobal bərpa təşəbbüslərinə dair Parlament Dəstək Qrupunun yaradılması haqqında" qərarın qəbulu, bəzi ölkələrin, xüsusən də Fransanın neokolonial siyasətinin geniş müzakirələri Şəbəkəmizin üzv dövlətləri narahat edən məsələlərin həlli istiqamətində nümayiş etdirdiyi səylərin göstəricisidir.
Sahibə Qafarova qeyd edib ki, bugünkü konfrans parlamentarilər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə yeni imkanlar yaradır. Çıxışda, Parlament Şəbəkəsinin gələcək fəaliyyətində Qoşulmama Hərəkatına üzv ölkələrin qadın parlamentariləri arasında əməkdaşlıq üçün yeni platforma rolunu oynayacağına, qadınların hüquqlarının təşviqi və imkanlarının genişləndirilməsi işinə töhfə verəcəyinə dair əminlik ifadə olunub.
Çıxışının yekununda Milli Məclisin sədri, parlaq gələcəyin qurulmasında qadınların həlledici rolunu vurğulayıb, birgə səylər və fəaliyyətlərin əlaqələndirilməsi olmadan gender bərabərliyini təmin etməyin, dinc, ədalətli və inkişaf etmiş cəmiyyətin qurulmasınının getdikcə çətinləşəcəyini bildirib.
Qlobal liderlik anlayışı haqqında düşüncə tərzinin yenidən nəzərdən keçirilməsinin, qadınlara dəyişikliklərin aparıcı qüvvəsi olmaq üçün lazımi dəstəyin və imkanların göstərilməsinin, həmçinin qadınların mövcud böhranların həllində, daha parlaq gələcəyin qurulmasında yeni həmrəylik və ədalət dalğasının inkişafında birbaşa rol oynamasının vacibliyi vurğulanıb.