Nov 18

Politoloq: “ABŞ Qafqaz siyasətlərində Azərbaycanı prioritetləşdirmək yerinə, Ermənistana üstünlük verir”

“Hazırkı fonda görünən odur ki, ABŞ rəsmiləri Cənubi Qafqazla bağlı siyasətlərində Azərbaycanı prioritetləşdirmək yerinə, Ermənistana üstünlük vermək istiqamətində razılaşıblar”.

Bunu “Report”a açıqlamasında Moskvada yaşayan amerikalı politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Endru Korıbko deyib.

Ekspertin sözlərinə görə, ABŞ həqiqətən də Azərbaycanın mənafeyini düşünsəydi, Ermənistana Zəngəzur dəhlizini açması üçün təzyiq edərdi:

“Onların fikirləşirlər ki, Ermənistan rəsmiləri və xalqı Qarabağ məsələsindən sonra Rusiyaya o qədər qəzəblidirlər ki, ABŞ-nin regionu parçalamaq və idarə etmək məqsədilə həyata keçirdiyi strateji müdaxilələrinə kömək olacaqlar. Bu, ABŞ-nin Azərbaycanla bağlı son açıqlamalarını izah edir”.

E.Korıbko vurğulayıb ki, ABŞ Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu məsələsindən Azərbaycanın işlərinə qarışmaq üçün istifadə edir və bunun “ictimai cəhətdən ağlabatan” olduğunu düşünür:

“Lakin reallıq ondan ibarətdir ki, bu, qeyri-qanuni bəhanədir. ABŞ istəyir ki, beş illik müddət tamam olduqda Rusiya ərazidən çıxmaqdan imtina edərsə, Azərbaycan ABŞ-nin təzyiqlərindən çəkinərək buna etiraz etsin. Bu plan isə son 30 ildə onların arasında yaranmış dostluq ruhuna xəyanətdir, əsl düşmənçilik siyasətidir. ABŞ Ermənistana meyil etdikdən sonra ikitərəfli münasibətləri korlamaqda qərarlı görünür”.

Ekspert Azərbaycan və İran münasibətlərinə ABŞ-nin müdaxilə cəhdindən də söz açıb və bunun qeyri-qanuni olduğunu söyləyib:

“ABŞ elə hesab edir ki, Azərbaycanın İranla yalnız ortaq iqtisadi maraqlardan irəli gələn nəqliyyat planlarına müdaxilə etmək “ictimai baxımdan ağlabatan”dır, ancaq bu da qeyri-qanunidir. ABŞ siyasətçiləri Azərbaycan və İran arasında nəqliyyat layihəsi inkişaf etdiriləcəyi təqdirdə potensial sanksiyaların olacağına eyham vururlar”.

Bənzər xəbərlər

Gündəm

0.027830123901367