ABŞ Dövlət Departamenti Azərbaycanın Vaşinqton görüşündən imtinasını şərh edib
“Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməkdə davam edir”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə Bakının Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşdə iştirakdan imtina etməsini şərh edərkən deyib.
“Biz Azərbaycan və Ermənistan arasında problemlərin həlli üçün sülh danışıqlarını dəstəkləməyə davam edirik. Biz iki ölkəni istər ABŞ-də, istərsə də başqa yerlərdə bu danışıqlarda iştirak etməyə təşviq edirik və bu siyasəti davam etdirəcəyik”.
Qeyd edək ki, rəsmi Bakı 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində baş tutmalı olan görüşdən imtina edib. Buna səbəb ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayenin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız və qərəzli bəyanatlar olub.