Fuad Hüseynəliyev: “Qərb Cənubi Qafqazdakı reallığı qəbul etmək istəmir”
“ABŞ başda olmaqla Qərb Cənubi Qafqazdakı reallığı qəbul etmək istəmir. Əsas məqsədləri Rusiyanı nəinki Ermənistandan, həm də regiondan sıxışdırıb çıxarmaqdır”.
Bu fikirləri “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “ARB 24” televiziya kanalına müsahibəsində deyib.
Qərbin, o cümlədən ABŞ-nin Cənubi Qafqaza təsir imkanları barədə danışan agentlik rəhbəri bildirib ki, ABŞ Rusiyanı regiondan çıxarmaq siyasətini Azərbaycan vasitəsilə aparmaq niyyətindədir:
“Birləşmiş Ştatlar tərəfindən Ermənistana taxıl, hərbi texnika, eləcə də Metsamor AES-ə atom enerjisi verilməsi ilə bağlı aparılan danışıqlar bu məqsədə xidmət edir. Bu, faktik olaraq Fransa tərəfindən aparılırdı. Sonradan Avropa İttifaqı, hazırda isə ABŞ bu siyasəti aparır. ABŞ da öz iç üzünü ortaya qoydu. Azərbaycan da bundan sonra həm Avropa İttifaqı, həm də ABŞ-ın olduğu sülh platformalarına getməyəcək”.
F.Hüseynəliyev qeyd edib ki, Ermənistana Qərb tərəfindən edilən təzyiq sülh müqaviləsinin imzalanmasını gecikdirir:
"Azərbaycan öz suverenliyini bütün ərazisində bərqərar edib. Ortaq bir sual yaradacaq məsələ qalmayıb. Zəngəzur dəhlizinə gəldikdə isə, hazırda İranla razılaşdırma əsasında yolun açılması ilə bağlı ciddi iş gedir. Azərbaycanın Ermənistan ərazisinə heç bir iddiası yoxdur. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, Nikol Paşinyan heç bir səbəb olmadan, əsassız şəkildə Azərbaycana qarşı bəyanatlar səsləndirir, sülh müqaviləsinin imzalanmasına süni maneələr yaradır".
Onun sözlərinə görə, Qərbin guya İrəvanın havadarı rolunda çıxış edir, bu isə onu Ukrayna və Suriya kimi ölkələrin vəziyyətinə salır: "Ermənistanın dövlətçiliyi böyük sual altındadır".