KİV: Xamenei HAMAS liderini İranın müharibəyə qoşulmayacağına dair xəbərdar edib
İranın Ali Rəhbəri Seyid Əli Xamenei HAMAS lideri İsmayıl Haniyəyə xəbərdarlıq edib.
Mozalan.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yüksək rütbəli üç mənbə bildirib.
Onların sözlərinə görə, noyabrın əvvəlində Tehranda görüş zamanı Xamenei HAMAS liderinə açıq mesaj verib: “Siz oktyabrın 7-də İsrailə hücumunuz barədə bizə heç bir xəbərdarlıq etmədiniz və biz sizin əvəzinizə müharibəyə girməyəcəyik”.
Mənbələr bildirib ki, Xamenei İsmayıl Haniyəyə onu da deyib ki, İran HAMAS-a siyasi və mənəvi dəstəyini verməyə davam edəcək, lakin birbaşa müharibəyə müdaxilə etməyəcək.
HAMAS rəsmisi "Reuters" agentliyinə bildirib ki, İranın Ali Rəhbəri İsmayıl Haniyəni İranı və onun Livandakı müttəfiqi "Hizbullah"ı İsrailə qarşı döyüşə tam güclə qoşulmağa çağıran səsləri susdurmağa məcbur edib.