Nov 15

“E-Şikayət” sistemi istifadəyə verilib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) yeni yaradılmış şikayət sistemini istifadəyə verib.

“Mozalan.az - Economics” xəbər verir ki, sistemin yaradılmasında məqsəd ölkədə fəaliyyət göstərən internet provayder və operatorlar haqqında vətəndaşlardan daxil olan müraciət və ya şikayətlərin operativ araşdırılması və çevik həllinə vahid sistem üzərindən monitorinq və nəzarətin edilməsidir.

“E-Şikayət” adlı yeni elektron sistem ilə hüquqları qanunla qorunan telekommunikasiya istifadəçilərinin maraqlarını müdafiə etmək, vətəndaş şikayəti axınının avtomatlaşdırılmış formada idarə olunması, istehlakçılara göstərilən xidmət keyfiyyəti, xidmət səviyyəsi, müştəri məmnuniyyəti, eləcə də müştəri təcrübəsi kimi vacib istiqamətlər üçün avtomatlaşdırılmış ölçülmə və təhlil üsullarını tətbiq etmək mümkün olacaq.

Sistem vətəndaş şikayətlərinə baxılması prosesinin mərkəzləşmiş sistem üzərindən aparılmasını effektiv şəkildə idarə etməklə yanaşı, hər bir vətəndaşın öz profilindən müraciət və ya şikayətlərinin həllində internet provayder və operatorların iştirak səviyyəsini və cavablandırma prosesini bütün mərhələlərdə izləməsini təmin edəcək. Həmçinin telekommunikasiya istehlakçılarına real vaxt rejimində internet provayder və operatorlara müraciət və şikayət etmək imkanı yaradacaq.

Vətəndaş “E-Şikayət” sistemində müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilər. Bunun üçün “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olaraq “Abunəçi” səhifəsinə keçid edib vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayətini edə bilər.

Bənzər xəbərlər

Gündəm

0.12649202346802