Nov 15

"İki oturacaqda oturmaq Ermənistanın klassik adətidir" - Elçin Mirzəbəyli

Məlum olduğu kimi, noyabrın 23-də Belarusun paytaxtı Minskdə KTMT ölkələrinin liderlərinin növbəti sammiti keçiriləcək. Ermənistan hökumətinin mətbuat xidməti Nikol Paşinyanın sammitdə iştirak etməyəcəyini bəyan edib. Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonu bu barədə məlumatlandırıb.

Kreml isə Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçiriləcək sammitində iştirak etməmək qərarından təəssüflənir.

Qeyd edək ki, KTMT sammiti Paşinyanın iştirakdan imtina etdiyi ilk yüksək səviyyəli tədbir deyil. Bundan əvvəl o, MDB sammitini buraxmışdı. Ermənistanın baş naziri ümid etdiyini bildirib ki, həmkarları onun qərarına anlayışla yanaşacaqlar.

Maraqlıdır, niyə Paşinyan hələ də KTMT-dən çıxmır?

Mövzu ilə bağlı Mozalan.az - a danışan politoloq Elçin Mirzəbəyli bildirdi ki, Paşinyanın bütün fəaliyyəti Ermənistanın Kollektiv Təhlükəsiz Müqaviləsindən çıxmasına və həmçinin Rusiyanın təsir dairəsindən uzaqlaşmasına xidmət edir.

Onun sözlərinə görə, atılan addımların təməlində, o cümlədən Fransa ilə imzalanan müvafiq hərbi sənədlərin də təməlində bu aspektlər dayanır:

"O cümlədən Avropa İttifaqı missiyası adlı, əslində hərbi missiyasının Ermənistana cəlb olunmasında da məqsəd məhz bu aspektlərdir. Ermənistan hakimiyyətinin niyyəti ölkə ərazisini Qərb ölkələrinin plasdarmasına çevrilməsindən ibarətdir. Amma Kollektiv Təhlükəsizlik Müqaviləsindən Ermənistanın çıxarılması ilə bağlı məsələyə gəldikdə isə, KTMT müqaviləsində qəbul olunan bütün qərarlar konsensus əsasında qəbul olunub. Bu, Ermənistanın öz müraciəti əsasında baş tutması mümkün olan bir məsələdir. Yəni Nikol Paşinyan toplantıda iştirak edib-etməməsi nəticə etibarilə Ermənistanın KTMT-dən uzaqlaşması üçün, yəni nizamnamə qaydasında addımların atılmasına imkan vermir. Bu aspektdən də qərarın qəbul olunması faktiki qanuni əsaslarla mövcud deyil. Əsas səbəb bundan ibarətdir".

Politoloq onu da qeyd etdi ki, Ermənistanın KTMT-dən çıxması, əslində bu gün Nikol Paşinyan hakimiyyətinin əsas arzularından və istəklərindən biridir:

"Təbii ki, KTMT belə bir arzunun yerinə yetirilməsi istiqamətində addım atmayacaq. Real mənzərə bundan ibarətdir. Əslində Ermənistanın bütün davranışları, yəni bir qrupda, bir hərbi siyasi blokda təmsil olunduğu halda başqa hərbi siyasi blokla əməkdaşlıq etmək və ya blokun üzvü olan Fransadan aldığı silahlarla ordunu təchiz etmək, onlarla birlikdə gələcəkdə digər istiqamətlərdə müvafiq hərbi müstəvidə addımların atılması üçün müəyyən proqramların həyata keçirilməsini planlamaq riyakarlığının nümunəsidir. Əgər Ermənistanın dövlət olaraq ləyaqət və qürur hissi olsaydı, o zaman KTMT-dən uzaqlaşması üçün özü müraciət etməli idi. Amma göründüyü kimi, eyni vaxtda iki qütbə oynamaq, iki oturacaqda oturmaq Ermənistanın klassik adətidir və eyni adəti də davam etdirməkdədir".

Həmidə İBRAHİMLİ

Bənzər xəbərlər

Gündəm

0.017112970352173