Nəsimi rayonunda "ekoloji terror": Dövlətlə dövlətçilik edib ağacları kəsən kimlərdir? - ŞOK VİDEO
"Bakıda bir ağacı əkib böyütmək bir övladı böyütməyə bərabərdir. Ağacları kəsib onların yerində tikinti aparanlar bu ölkəyə xəyanət edirlər. Ancaq o ağacları bərpa etmək mümkün deyil. Hesab edin ki, onlar mənim balalarımın başını kəsiblər".
Ümummilli Lider Heydər Əliyevin vaxtilə dediyi bu sözlər ekologiyanı məhv edən işbazların "qulağında sırğa olmuşdu". Elə bu səbəbdən də Bakıda plansız və qanunsuz heç bir ağac kəsilmirdi. Əksinə, yeni yaşıllıq zolaqları salınırdı. Bu siasi xətt Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Təsadüfi deyil ki, hələ 2009-cu ildə etdiyi çıxışlarının birində İlham Əliyev "Bakı və paytaxt ətrafında ən azı 3 milyon ağac əkilməlidir" fikirlərini səsləndirmişdi. Bəli, bu gün Bakı və ətraf qəsəbələrdə yaşıllıqların sayı çoxalıb, yeni ağaclar əkilib və ekoloji mühitin bərpası istiqamətində çoxşaxəli işlər görülüb.
Lakin təəssüflə qeyd etməliyik ki, hələ də paytaxtda qanunsuz olaraq ağacları kəsən və yaşıllıqları məhv edən işbazlara rast gəlinir. Bu cür işbazlar heç nəyə məhəl qoymadan ağacları kəsərək yerində çoxmərtəbəli binalar və digər iaşə obyektləri inşa etməkdən çəkinmirlər. Beləcə vaxtilə Ulu Öndər Heydər Əliyevin yaşıllaşdırdığı, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində çoxalan yaşıllıq zolaqları məhv edilir.
TehsilMedia xəbər verir ki, işbazların yaşıllıqları məhv etdiyi ərazilərdən biri də Nəsimi rayon 4-cü mikrorayon, Cavadxan küçəsi, bina 30 ərazisidir. Bu ərazidə də yaşıllıqlar kütləvi şəkildə məhv edilir. Belə ki, ərazidə tikinti aparan şirkət 50-yə yaxın digər ağacları kəsib və bu "ekoloji terror" hələ də davam edir. Redaksiyamıza verilən məlumata görə, sözügedən ərazidə 50-yə yaxın zeytun ağacı olub. Amma bu ağacların hamısını kəsərək məhv ediblər. Yerdə qalan zeytun ağaclarını isə yəqin ki, bir neçə gün ərzində kəsəcəklər.
Qeyd edək ki, ətrafda yeni çoxmərtəbəli binalar inşa olunur. Tikinti aparan şirkət ərazini hasarlayaraq yolu kəsib. Heç kimin şikayətinə isə baxılmır. Əksinə, hər gecə ən azı bir zeytun ağacını kəsirlər. Binanın yerində əvvəllər yüzlərlə zeytun ağacı olub. Amma bu ağacların hamısını məhv ediblər. Amma binanın ətrafındakı ağacları niyə kəsdikləri bəlli deyil. Ümid edirik ki, bu yaşıllıqları məhv edənlər haqqında ciddi ölçü götürüləcək və təbiətə ziyan vuranlar layiqli cəzalanacaqlar. Yəqin ki, dərc etdiyimiz materialdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, eləcə də digər aidiyyatı qurumlar müvafiq araşdırmalara başlayaraq ağacların niyə kəsildiyinə aydınlıq gətirəcəklər. Mövzunu diqqətdə saxlayacağıq...
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Mozalan.az