Nov 14

“AzInTelecom”: Rəqəmsal imza banklarda müştəri və vaxt itkisini azaldıb

“SİMA İmza” ilə əməkdaşlıqda ən çox maraqlı olan dövlət orqanları və maliyyə qurumlarıdır. Hazırda banklar, BOKT-lər və sığorta şirkətləri “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıblar.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”dan “Mozalan.az - Economics”in sorğusuna cavab olaraq bildirilib.

Məlumatda bildirilib ki, “SİMA İmza” ilə xidmətlərini rəqəmsallaşdırmış banklardan birində monitorinq aparılıb. Monitorinqin nəticələrinə əsasən, “SİMA İmza”nın tətbiqindən sonra bankda kredit vermə müddəti 6 dəfə, imzalama müddəti 10 dəfə, müştəri itkisi göstəricisi 2 dəfə azalıb: “Xalis gəlirlilik və müştəri məmnuniyyəti isə artıb. Qeyd edək ki, tətbiq bu günə qədər 500 mindən çox istifadəçi tərəfindən yüklənib”.

Qeyd edək ki, “SİMA İmza”nın xidmətlərindən istifadə edən təşkilatlar imzalama və sistemlərə giriş prosesini rəqəmsallaşdırır. Vətəndaşlar heç yerə getmədən mobil tətbiqi yükləməklə qanuni olaraq əl imzasına bərabər elektron imza əldə edir. Bununla da məsafədən kredit sifariş etmək, iş yerindən arayış almaq, elektron gömrük əməliyyatlarını həyata keçirmək “SİMA İmza” ilə mümkün olur.

 

 

Nigar Məhərrəm

Bənzər xəbərlər

Gündəm

0.096745014190674