Dövlət hesabına işlərdə vəkillərə ödənişlərin məbləğinin artırılması təklif olunub
Parlamentdə dövlət hesabına işlərdə vəkillərə ödənişlərin məbləğinin artırılması təklif olunub.
Mozalan.az xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Bəhruz Məhərrəmov çıxış edib.
Deputat deyib ki, hazırda dövlət hesabına işlərdə vəkilə hər iş saatı üçün 6 manat olmaqla, bir iş üzrə orta hesabla 115 manat civarında ödəniş olunur ki, həmin məbləğin də 30 faiz civarı vergi, sığorta və digər xərclərə məruz qalır: “Çox təşəkkür edirik ki, cənab Prezidenti məsələyə müdaxilə edərək bu il 26 iyul Fərmanı ilə Nazirlər Kabinetinə “dövlət hesabına hüquqi yardıma görə məbləğin dəyişdirilməsi zərurətinin öyrənilməsini tapşırıb.
Vəkillər Kollegiyası da təhlil apararaq vəkilə ödənilən haqqın 20 manat məbləğində müəyyən edilməsini təklif edib. Təklif Ədliyyə Nazirliyi tərəfindən də məqbul saymışdır. Eyni zamanda Hüquq siyasəti və Dövlət quruculuğu komitəsində də işçi qaydada məsələ araşdırılmışdır.
Müqayisə üçün nəzərinizə çatdırım ki, Türkiyədə işlərin xüsusiyyəti və işə baxılma mərhələlərinə uyğun olaraq bu məbləğ 90, Rusiyada isə 30 manatdan başlanır və artaraq dəyişir. Əlbəttə lokal reallıqları nəzərə almaq vacibdir və bu mənada təklif olunan 20 manat rəqəminin məqbul olması şübhə doğurmur. Bu mənada, hörmətli Baş nazir, Sizdən komitəmiz adından məsələnin həlli üçün köməyinizi xahiş edirik”.
Firuzə Vahid