Nov 13

Uşaq İncəsənət Festivalı başa çatıb

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalına yekun vurulub.

Mozalan.az xəbər verir ki, Noyabrın 13-də Heydər Əliyev Mərkəzində festivalın yekunlarına dair brifinq keçirilib.
Əvvəlcə festivalla bağlı videorolik nümayiş etdirilib.
Daha sonra Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova, Heydər Əliyev Mərkəzinin əməkdaşı, UİF-nin layihə rəhbəri Əli Nuriyev, Elm və Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev və Mədəniyyət Nazirliyi Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsi Strateji inkişaf sektorunun müdiri Elgün Əliyev festival haqqında məlumat veriblər.
Qeyd olunub ki, 22 nominasiyada (18 fərdi, 4 kollektiv) üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikanın bütün rayon və şəhərlərindən 27 minədək müraciət olub. Peşəkar və həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, II mərhələsi iyul-avqust aylarını əhatə edib. Festivalın final mərhələsi isə 1-9 sentyabr tarixlərində Bakıda altı mədəniyyət müəssisəsində – M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Akademik Milli Dram Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi, Akademik Musiqili Teatr və Dövlət Uşaq Filarmoniyasında gerçəkləşib.
Festival çərçivəsində həmçinin mayın 5-də Zəngilan rayonunun Ağalı kəndində tədbir təşkil olunub.
İyulun 7-də Göygöl Milli Parkının ərazisində Gəncə-Daşkəsən RMİ-nin əhatə etdiyi Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarından 6 nominasiya (xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət, xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs) üzrə ikinci mərhələyə vəsiqə qazanan 60 nəfər uşaq üçün yay düşərgəsi təşkil edilib.
26-27 avqust tarixlərində Laçın şəhəri günü tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisində festivalın yay düşərgəsi keçirilib.
Çıxışlardan sonra media nümayəndələrinin sualları cavablandırılıb.

 

 

Bənzər xəbərlər

Gündəm

0.028171062469482