8 noyabr - Zəfər Günüdür
Zəfər Bayramı qürur mənbəyidir
Mozalan.az xəbər verir ki, 8 noyabr Zəfər Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi
Vladiqafqaz şəhərində Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlıları Konqresi” 8 noyabr Zəfər Günü münasibəti ilə təntənəli tədbir keçirdi.
Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlıları Konqresi”nin fəxri prezidenti Şahin Məmmədovun, Konqresin sədri Murtaza Gülməmmədovun və konqres üzvülərinin iştirakı ilə 8 noyabr Zəfər Günü münasibətilə əlaqədar təntənəli tədbir keçirildi.
Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlıları Konqresi”nin fəxri prezidenti Şahin Məmmədov tədbiri giriş nitqi ilə açaraq Milli Qurtuluş gününə gedən keşməkeşli yollardan danışaraq tədbir iştirakçılarına qısa məlumat verdi:
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saat, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda Prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən, Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbənin – Zəfər Gününün hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli fərmanında bildirilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:
1. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.
Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlıları Konqresi”nin sədri Murtuza Gülməmmədov Zəfər Günü münasibətilə tədbir iştirakçılarına təbrik etdi: Zəfər Bayramı xalqımızın qürur mənbəyinə çevrilib. Azərbaycanı hər kəs qalib ölkə, müzəffər xalq kimi tanıdı. Şanlı Zəfərlə, Ermənistanın acınacaqlı məğlubiyyətilə "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkildi. Tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin qurulması planları darmadağın edildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Nəhayət, bu gün Vətən müharibəsini zəfərlə başa vuran ölkəmiz bölgədə yeni reallıqlar yaradıb. Ən böyük reallıq isə əlbəttə ki, torpaqlarımızın azad edilməsi, vətəndaşlarımızın yurd-yuvalarına dönməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulmasıdır.
Mahiyyət etibarı ilə Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr Bəyanatının imzalanması ilə Azərbaycanın bir çox növbəti siyasi-diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu. İlk növbədə, reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi nəzərdə tutulurdu. Bu tarixi hadisəni reallaşdırmaqla Azərbaycan regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı özünün tarixi missiyasının bir hissəsini icra etmiş olacaq.
Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi və Azərbaycanda Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
Murtuza Gülməmmədov,
Şimali Osetiya-Alaniya Respublikası
“Azərbaycanlılar Konqresi”nin sədri