Nov 12

Qazaxıstanda keçmiş nazir həbs edildi

Astananın ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin iki aylıq həbsinə qərar verib.

Bu barədə məhkəmənin mətbuat xidmətindən bildirilib.

Hüquq-mühafizə orqanları sabiq nazirin nədə şübhəli bilindiyi barədə hələlik məlumat verməyib.

Xatırladaq ki, noyabrın 9-da bir neçə Qazaxıstan KİV-i eks-nazirin döyülərək dünyasını dəyişən həyat yoldaşının ölümü ilə bağlı saxlanılması barədə məlumat yayıb.

Polisin məlumatına görə, Astanada restoranların birində ziyarətçilər arasında mübahisə baş verib. Nəticədə bir qadın aldığı xəsarətlərdən ölüb.

İş “Qətl” maddəsi ilə araşdırılır, lakin polis bu işdə iştirak edənlərin adlarını açıqlamır.

Qeyd edək ki, K.Bişimbayev 2016-cı ilin may-dekabr aylarında Qazaxıstanın milli iqtisadiyyat naziri vəzifəsində çalışıb. 2018-ci ilin martında məhkəmə K.Bişimbayevi ömürlük dövlət qulluğunda rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edib. O, rüşvət almaqda və əmlak oğurlamaqda təqsirli bilinib. 2019-cu ilin oktyabrında Çimkent şəhər məhkəməsi K.Bişimbayevin şərti azadlığa buraxılması barədə qərar çıxarıb.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.028681039810181