Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilk dəfə İran prezidenti ilə görüşüb
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud 2023-cü ilin martında ölkələr arasında diplomatik münasibətlərin bərpasından sonra ilk dəfə İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.
Səudiyyə Mətbuat Agentliyinin məlumatına görə, görüş Ər-Riyadda Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının Qəzza zolağındakı vəziyyətə həsr olunmuş növbədənkənar birgə sammiti çərçivəsində baş tutub.
İslam Respublikası Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi “X” sosial şəbəkə hesabında (keçmiş “Twitter”) yazıb ki, tərəflər Fələstindəki vəziyyətlə bağlı mühüm danışıqlar aparıblar. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi də İranla əlaqələri gücləndirmək niyyətini vurğulayıb.
Mənbə: TASS