İraq mətbuatında Azərbaycanın Zəfər Günü ilə əlaqədar məqalə dərc olunub
Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov 8 Noyabr - Zəfər Günü və 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi Qələbənin üçüncü ildönümü ilə əlaqədar “Mustaqbl”, “Ashourland”, “Alan-eg” xəbər agentliklərinin saytlarında və “Jedar News” qəzetində məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, məqalədə 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Qarabağı erməni işğalından azad etməsindən bəhs olunur.
Vurğulanıb ki, 2020-ci il noyabrın 8-də Qarabağın tacı Şuşa şəhəri işğaldan azad olunub. Şuşanın azad edilməsi dünya hərb tarixinə qızıl hərflərlə həkk olunub.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad olunması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il 8 Noyabr - Zəfər Günü qeyd olunur. Azərbaycan Prezidenti Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.
Diqqətə çatdırılıb ki, BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan hərbi birləşmələrini işğal etdiyi Qarabağ ərazisindən çıxarmırdı. Beynəlxalq aləm isə bu ədalətsizliyə göz yumaraq tərəfləri yalnız sülhə çağırmaqla kifayətlənirdi. Lakin Azərbaycan Prezidenti öz yurdundan qaçqın düşmüş bir milyondan artıq vətəndaşımızın hüquqlarının kobudcasına pozulmasına, soyqırımına məruz qalmasına göz yuma bilməzdi.
Qarabağ Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı ilə azad edildikdən sonra məlum oldu ki, ermənilər dini və mədəni abidələri, məktəb və xəstəxanaları dağıdıblar.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ azad edildikdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə burada genişmiqyaslı quruculuq və bərpa işlərinə başlanılıb. Füzuli rayonunda Beynəlxalq Hava Limanı sürətlə və müasir standartlara uyğun şəkildə tikilərək istifadəyə verilib. Ötən üç il ərzində Zəngilan, Qubadlı, Ağdam rayonlarında, Şuşa şəhərində inzibati binalarla yanaşı, iaşə obyektləri, fərdi evlər tikilib. Keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdırlar.
Məqalədə qeyd olunub ki, bu il sentyabrın 19-də Azərbaycan Ordusu Qarabağda separatizmin kökünü kəsərək ermənilərin yaratdığı qondarma rejimin varlığına son qoyub, oradakı hərbi hissələri bir günün içində tərk-silah edib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanın inkişafı naminə böyük işlər görərək ölkəmizin siyasi, iqtisadi və sosial vəziyyətinin daha da güclənməsi üçün möhkəm təməl yaradıb.