Neftin qiyməti 157 dollara qədər yüksələ bilər
Yaxın Şərqdə münaqişə daha da gərginləşərsə, əmtəə bazarlarında neftin qiyməti bir barel üçün 150 dollardan yuxarı qalxa bilər.
Bu qənaətə Dünya Bankının analitikləri gəliblər. Onların hesabatı maliyyə təşkilatının saytında dərc olunub.
Tədqiqatçılar bazarlarda vəziyyətin inkişaf edə biləcəyi üç ssenarini təsvir ediblər. Məsələn, Yaxın Şərqdə neft tədarük zəncirlərini əhəmiyyətli dərəcədə pozan böyük böhran baş verərsə, qlobal neft tədarükü gündə 6-8 milyon barel azala bilər.
Nəticədə neftin qiyməti ilkin olaraq 56-75% artaraq 140-157 dollar/barel ola bilər.
2003-cü il İraq müharibəsinə bənzər daha az ağır böhran neft tədarükünü gündə 3-5 milyon barel azaldacaq və qiymətlərin bir barel üçün 109-121 dollara yüksəlməsinə səbəb olacaq.
Əgər böhranın miqyası 2011-ci ildə Liviyada vətəndaş müharibəsinin nəticələri ilə müqayisə oluna bilərsə, tədarükün azalması o qədər də böyük olmayacaq - tədarüklər gündə 500 min - 2 milyon barel azalacaq. Qiymətlər bir barel üçün 93-102 dollara yüksələcək.