Xorvatiyanın ədliyyə naziri Azərbaycana səfərə gəldi
Azərbaycan-Xorvatiya dostluq və səmərəli əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək müxtəlif, o cümlədən hüquqi sahədə uğurla inkişaf edir. İki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində ədliyyə nazirlərinin qarşılıqlı səfərləri həyata keçirilir, səmərəli təcrübə mübadiləsi aparılır.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın məhkəmə-hüquq sistemi və aparılan islahatlarla tanış olmaq məqsədilə Xorvatiyanın ədliyyə naziri İvan Malenitsa nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.
Qonaqlar oktyabrın 30-da əvvəlcə Fəxri xiyabanda bu il 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Həmçinin, Şəhidlər Xiyabanında Vətən uğrunda həlak olmuş həmvətənlərimizin məzarları ziyarət olunaraq üzərinə tər çiçəklər düzülüb.
Sonra Ədliyyə Nazirliyində iki ölkənin ədliyyə nazirlərinin görüşü keçirilib.
Görüşdə Azərbaycan və Xorvatiya arasında əlaqələrin uğurla inkişaf etdiyi, ikitərəfli münasibətlərin möhkəmləndirilməsində dövlət və hökumət başçılarının xüsusi rolu və qarşılıqlı səfərləri vurğulanıb, Xorvatiya Baş nazirinin yaxın zamanda Azərbaycana səfər edəcəyi qeyd olunub.
Ədliyyə naziri Fikrət Məmmədov Xorvatiyaya səfərlərini xatırladaraq hüquqi sahədə qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunub, ədliyyə və məhkəmə sistemindəki islahatlar barədə məlumat verərək ölkə Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi önəm verdiyini vurğulayıb. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq Dünya Bankının dəstəyi ilə məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirləri, rəqəmsal innovasiyaların geniş tətbiqini qeyd edib.
Azərbaycanda olmağından məmnunluğunu ifadə edən qonaq iki dost ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib. İ.Malenitsa Azərbaycanın Dünya Bankı ilə məhkəmə-hüquq sahəsində uğurlu əməkdaşlığı barədə məlumatlı olduğunu qeyd edib, Xorvatiyanın bundan yararlanaraq bank ilə əməkdaşlığa başladığını vurğulayıb. Bildirib ki, müasir məhkəmə infrastrukturunun yaradılması, məhkəmənin rəqəmsallaşması, e-məhkəmənin, e-ədliyyənin tətbiqi ölkəsi üçün əsas prioritetdir və bu sahədə Azərbaycanın təcrübəsinin öyrənilməsi olduqca faydalıdır.
Qonaqlar ədliyyə və məhkəmə sistemində rəqəmsal innovasiyalara böyük maraq göstərərək məsafədən əhaliyə göstərilən elektron xidmətlər, “Elektron məhkəmə”, “Elektron icra”, “Elektron notariat” informasiya sistemləri, “Mobil notariat” brendi, “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmət konsepsiyası barədə məlumatlandırılıb, bununla bağlı təqdimat keçirilərək faydalı fikir və təcrübə mübadiləsi aparılıb, onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Nümayəndə heyəti nazirlikdə ədliyyə tarixinə və Vətən müharibəsində Böyük Qələbəmizə həsr olunan muzeylərlə tanış olub. Qonaqlara azad edilmiş ərazilərimizin bərpası ilə bağlı görülən işlər, bu prosesə ciddi əngəl törədən, çoxsaylı insan ölümünə və yaralanmasına səbəb olan Ermənistanın mina terroru barədə məlumat verilərək buna qarşı həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bağlı yayılan yanlış və qərəzli məlumatları təkzib edən əsl həqiqətlər diqqətə çatdırılıb. Xorvatiyanın minadan əzab çəkən ölkə olaraq bu işdə dəstəyi minnətdarlıqla qeyd edilərək xüsusi broşür təqdim edilib.
Həmin gün xorvatiyalı nazir ölkəmizin müasir məhkəmə infrastrukturu ilə tanış olmaq məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və Sumqayıt Məhkəmə Kompleksinə baş çəkib, yüksək texnoloji imkanlarla təchiz edilmiş məhkəmə zallarını və “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini yüksək qiymətləndiriblər.
Tədbirlərdə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç iştirak edib.
Səfər çərçivəsində nümayəndə heyətinin nadir memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzini ziyarət edərək ulu öndərin mənalı ömür yoluna və zəngin irsinə həsr olunan maraqlı ekspozisiyalarla, habelə Azərbaycan brendi olan, ədliyyənin mühüm xidmətlər göstərdiyi ASAN və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST mərkəzləri, orada fəaliyyət göstərən “ƏN TEZ” innovativ xidməti, eləcə də paytaxtın tarixi və mədəni abidələri ilə tanışlığı nəzərdə tutulur.