KİV: İsrail yerüstü əməliyyatını təxirə salıb
İsrail ABŞ-nin Yaxın Şərqə əlavə raketdən müdafiə sistemləri ötürməsi üçün quru əməliyyatının başlanmasını ləngitməyə razılaşıb.
Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, Vaşinqton İraq, Suriya, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki qoşunlarını qorumaq üçün Yaxın Şərqə 10-a yaxın hava hücumundan müdafiə sistemi ötürmək niyyətindədir. İsrail hakimiyyəti ABŞ-nin bu sistemləri yerləşdirməsini gözləməyə razılaşıb. Əlavə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinin bu həftə başa çatdırılması gözlənilir.
Nəşr qeyd edir ki, İsrail öz qərarında Qəzza zolağında daha çox girovu azad etmək üçün diplomatik səyləri, eləcə də humanitar aspekti də nəzərə alıb, lakin əsas narahatlıq ABŞ əsgərləri üçün təhlükə olub. ABŞ administrasiyasının nümayəndələrinin nəşrə verdiyi məlumata görə, Vaşinqtonda hesab edirlər ki, quru əməliyyatı başlayandan sonra ABŞ Silahlı Qüvvələri regionda müxtəlif silahlı qrupların hücumlarına məruz qalacaq.
Xatırladaq ki, ötən həftə ABŞ-nin İraq və Suriyadakı bazalarına PUA hücumu nəticəsində 20-dən çox ABŞ hərbçisi yaralanıb Ümumilikdə oktyabrın 17-dən oktyabrın 24-dək ABŞ və koalisiya qüvvələri İraqda 10, Suriyada isə 3 dəfə hücuma məruz qalıb.