İsrail Qəzza sakinlərinə havadan elan atdı: “Əsirlər barədə məlumat verənlər mükafatlandırılacaq” - FOTO/VİDEO
İsrail ordusu blokadada olan Qəzza zolağına havadan üzərində elan olan vərəqələr atıb və sakinlərə çağırış edib.
Elanlarda əsirlərlə bağlı məlumat verənlərə təhlükəsizlik və pul mükafatı təklif edilib.
İsraillilər və digər millətlərdən olan əsirlər haqqında məlumat verməyə çağıran elanlarda telefon nömrələri və QR kodlar yer alıb.
Bu barədə İsrail ordusunun sosial media hesabında da paylaşım edilib.
“Əgər övladlarınız və özünüz üçün daha yaxşı gələcək istəyirsinizsə, bir yaxşılıq edin. Bölgənizdə olan əsirlər haqqında dəqiq və faydalı məlumatlar verin. İsrail ordusu sizin təhlükəsizliyiniz və evinizin rifahı üçün əlindən gələn hər şeyi edəcək. Eyni zamanda sizə pul mükafatı da təqdim edəcək”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, İsrail ordusu daha əvvəl də mülki əhaliyə havadan xəbərdarlıq elanları ataraq Qəzza zolağının şimalını tərk edərək cənuba köçmələrini istəmişdi.
Mənbə: TRT Haber