Fransalı hüquqşünasa Azərbaycanın son antiterror tədbirləri barədə məlumat verilib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov daxili təhlükəsizlik və inzibati hüquq üzrə tanınmış fransalı hüquqşünas-araşdırmaçı Kristian Vallarla görüşüb.
Komitədən bildirilib ki, görüşdə Fuad Muradov dövlətimizin diaspor siyasəti, bu istiqamətdə həyata keçirilən layihələr, Azərbaycanın Qarabağ bölgəsində apardığı son antiterror tədbirlərinə gətirib çıxaran səbəblər barədə danışıb. Qeyd edib ki, antiterror tədbirləri zamanı erməni əhaliyə və mülki infrastruktura heç bir zərər yetirilməyib, erməniəsilli sakinlərə hər hansı təzyiq göstərilməyib. Komitə sədri buna dair faktların Xankəndiyə və ətrafına səfər etmiş BMT missiyası tərəfindən də təsdiqləndiyini söyləyib. O, erməni əhalisinin Qarabağ bölgəsində yaşaması üçün Azərbaycan dövlətinin təklif etdiyi reinteqrasiya şərtləri barədə də ətraflı danışıb.
Eyni zamanda Azərbaycan ictimaiyyətinin və xaricdə yaşayan soydaşlarımızın beynəlxalq hüquq çərçivəsində həll olunmuş Qarabağ məsələsi ilə bağlı Fransanın ölkəmizə qarşı tutduğu qərəzli mövqedən təəssüfləndiyi diqqətə çatdırılıb.
Kristian Vallar paytaxt Bakıdakı görüşləri, Füzuliyə səfəri və Azərbaycan icmasının Fransada fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə “Paris Azərbaycan Evi”nin sədri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva da iştirak edib.
Qeyd edək ki, tanınmış ekspert ictimai hüquq üzrə bakalavr və magistr dərəcələrini Nitsa Universitetində tamamlayıb. O, İnzibati, Konstitusiya, Maliyyə və Fiskal Hüquq üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzini (CERDACFF) təsis edib. İndiyədək Nitsa Sophiya Antipolis Universitetində, Savoya Universitetində, Cote d'Azur Universitetində müxtəlif vəzifələrdə çalışıb.
Hazırda Nitsa Universitetinin Hüquq fakültəsi və Rumıniyanın Pitesti Universiteti ilə əməkdaşlıq proqramının meneceri kimi fəaliyyətini davam etdirir. Azərbaycan Elmlər Akademiyasının fəxri doktoru və fəxri professoru adına, Azərbaycan Dillər Universitetinin ekspert qiymətləndiricisi statusuna layiq görülüb.