Oct 18

XTQ giziri: “15 cərrahi əməliyyatdan birində kliniki ölüm keçirdim, həkim olmasa, bəlkə də ölmüşdüm”- MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müharibə başlayanda mən evdə heç kimə deməmişdim. Ümumiyyətlə, işimlə bağlı heç nə danışmağı sevmirəm. Hətta döyüşdə yaralananda belə evdə heç kimə demədim. Lakin keçirdiyim cərrahi əməliyyatlardan birində kliniki ölüm keçirdim”.

Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin giziri Qismət Nəsib oğlu Əliyev 1998-ci il mayın 8-də Yardımlı rayonunun Gərsava kəndində anadan olub. Ailədə iki bacının tək qardaşı olan Qismət Əliyev 2015-2016-cı illərdə hərbi xidmətə yollanıb. 2017-ci ildə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılıb və kursu müvəffəqiyyətlə bitirib.

Kursu bitirdikdən sonra həmin ilin sonunda Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb. Gizir rütbəsi ilə təltif edilib.

Orduda xidməti dövründə 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilib.

Mozalan.az Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin giziri Qismət Əliyev ilə müsahibəni təqdim edir.

- Üç il əvvələ qayıtsaq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan 44 günlük Vətən müharibəsində sizə verilən ilk döyüş tapşırığı nə oldu?

- 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılmışam. İlk gündən, 27 sentyabrdan Murovdağ istiqamətindən, Kəlbəcərdə döyüşlərə qatılmışam. Ordumuzun digər dəstələrindən fərqli olaraq Xüsusi Təyinatlı Qüvvələrin mənsubları hər zaman döyüşə hazır formada olur və onlara ən ağır təlim, tapşırıqlar həvalə edilir. Xüsusi Təyinatlı Qüvvələr o formada yetişdirilir. Döyüşdən öncə də müəyyən təlimlərimiz oldu ki, əsasən çətin relyef şəraitində dağlıq ərazilərdə həyata keçirilir.

- Təlimləri təsvir etməyinizi istəsəm, olarmı?

- Sizə deyim ki, təlimlərimiz istənilən yerdə və ağla gələn və gəlməyən müxtəlif maneələrdən keçməklə həyata keçirilirdi. Biz bu barədə çox danışmağı sevmirik. Məhz bu gizlilik sayəsində də Azərbaycan Silahlı Qüvvələri sıralarında düşmənin ağlına belə gəlmədiyi dərəcədə fiziki hazırlıqlı XTQ mənsubları və digər hərbçilər yer alır.

Bir sözlə, xüsusi təyinatlı qüvvə hər bir şeyi bacarmaq qabiliyyətinə malik olmaq deməkdir. Bizim “bacarmıram” demək şansımız yoxdur. Bu gün snayper olan XTQ mənsubu döyüş zamanı digər silah-sursatlardan mükəmməl və sərrast istifadə etmək bacarığına malik olmalıdır. Hər saniyənin öz hökmü var və bizi düşünmək yox, cəld qərar vermək üçün yetişdiriblər.

- Siz Türkiyədəki birgə təlimlərdə iştirak etmişdinizmi?

- Xeyr, Türkiyədəki təlimlərdə iştirak edə bilmədim. Azərbaycan ərazisində olan təlimlərdə iştirak etdim. Komando tipli təlimlərimiz də olub.

- Sizə görə keçdiyiniz təlimlər arasında hərbçi olmaq istəyən şəxslərin mütləq qaydada keçməli olduğu ən mürəkkəb təlim hansıdır?

- Düşünürəm ki, zabit olmaq istəyən hər kəs yüksək dağlıq ərazilərdə təlim keçməli və bir müddət orada fəaliyyət göstərməlidir. Ağırçəkili çiyin çantaları ilə yüksək dağlıq ərazilərdə uğurlu döyüş tapşırıqları həyata keçirməyi bacarmaq lazımdır. Nəzərə almaq lazımdır ki, bizim işğal altında olan ərazilərimiz məhz çətinrelyefli dağlıq ərazilərdə yerləşirdi. Buna Kəlbəcəri, Murovdağı misal olaraq deyə bilərəm.

- Döyüş prosesindən, qarşınıza çıxan maneələrdən danışın. Sizin döyüş tapşırıqlarınız hansı istiqamət üzrə davam etdi?

- Düşmənlə qarşılaşmağımız “Sol Camışdağ” deyilən ərazidə oldu. Həmin istiqamətdən irəlilədik düşmənin müəyyən postlarını, qruplarını darmadağın edərək ələ keçirdik. Artıq bu torpaqların əsl sahibləri bu yerlərə qədəm basırdı. O an elə bir ab-hava var idi ki, sizə izah edə bilmirəm. Bizim şəxsi heyətin ruh yüksəkliyini sadəcə görmək lazım idi. Düşmənlə üzbəüz gəldik, döyüşlər oldu. Əlbəttə, şəhidlərimiz də oldu.

Silahdaşlarım arasında 60-70 nəfər birgə çörək kəsdiyimiz igidlər vətən uğrunda şəhadətə ucaldı. Bu bizim üçün ağır olsa da, onların intiqamını almaq üçün irəli getdik. Bizim dəstənin ilk şəhidi Qəbələ rayonundan Mikayıl Mikayıllı olub.

Daha sonra Füzuli-Cəbrayıl istiqamətində döyüş tapşırığı aldıq.

- Heç düşmənlə əlbəyaxa, yaxın məsafədə mübarizələr olurdu?

- Əsasən silahı döyüşlər olub. Lakin yaxın təmas da olurdu. Düşmən artıq qaça bilmədiyini anlayanda onları yaxın məsafədə məhv edirdik.

- Döyüş tapşırıqlarını yerinə yetirən zaman pusqu, mühasirə kimi qurumlar oldumu?

- Bəli, Cəbrayıl istiqamətində, “Vışka” deyilən ərazi var. Həmin istiqamətdə hərbi hissə var. Bizə tapşırıq qoyuldu ki, hərbi hissə ələ keçirilməlidir. Daha sonra isə geri çəkilib tərtiblənməli idik. Hərbi hissədə qalan şəxsi heyəti məhv etdik, döyüş tapşırığını tamamladıq. Geri çəkildiyimiz zaman isə düşmənin həddindən çox qüvvəsi üzərimizə gəldi. Artıq orada qaçılmaz bir şərait yarandı, pusquya düşdük. Təxminən 40 nəfərlik şəxsi heyətimiz vardı, düşmənin 200-dən çox şəxsi heyəti üzərimizə gəlirdi. Yaxın məsafədən döyüşlər oldu. Həmin yerdə altı nəfər - Rauf Qasımov, Vüqar Cəfərov (Daxili Qoşunların hərbçisi), Nicat Mustafayev, Rəcəb Qurbanov, Kamran Kazımov, Orxan Əlmuradov şəhid oldular. Şəhid verərək o pusqudan çıxdıq. Düşmən tərəfdən də çoxsaylı itki oldu. Düşməni qovmağa nail olduq.

- Daha sonra tərtibləndiyiniz yerdə nə baş verdi?

- Müvafiq qaydada yeni döyüş tapşırıqları aldıq və aidiyyəti üzrə öz missiyamızı yerinə yetirməyə davam etdik. Cəbrayılda növbəti döyüş tapşırığımız gəldi. Oktyabrın beşi idi. Təminat bir az gecikirdi və bu səbəbdən tərtiblənib silah-sursat, qida təminatı gözləyirdik. Gecə çox soyuq və şehli bir hava idi. Həmin gecəni keçdik. Səhəri günün işıqlanan vaxtında təminatımız gəldi. Təminatı gətirən isə kapitan Ceyhun Hüseynov idi. Təəssüf ki, həmin ərəfədə düşmən bizim tərtibləndiyimiz yeri “Qrad” atəşinə tutdu, şəhidlərimiz oldu. Təminatı gətirən kapitan Ceyhun Hüseynov da şəhid oldu. Cəbrayıldan bir qədər geridə bizi düşmən yenidən “Qrad” atəşinə tutdu. Kapitan Ceyhun Hüseynov, Ruslan Hümbətov orada şəhid oldular. Dəstə komandirimiz polkovnik-leytenant Yaşar Bağırov orada ağır yaralandı. Digər yoldaşlarımız arasında da ağır yaralananlar oldu.

Buna baxmayaraq, şəhidlərimizin nəşlərini döyüş meydanından çıxarıb, təhlükəsiz yerə göndərdik. Yenidən tərtiblənərək Cəbrayıldan digər bir istiqamətdə irəlilədik və qarşımıza çıxdığı yerdə düşmənin müəyyən qüvvələrini məhv etdik.

- Bildiyim qədər siz özünüz də döyüşlərdə çox ağır yaralanmısınız. Çətin olsa da, bu barədə danışaq. Hansı istiqamətdə yaralandınız?

- Oktyabrın 9-da növbəti döyüş tapşırığı üçün müvafiq istiqamətdə irəliləyirdik. Tapşırıq gəldi ki Cəbrayılda növbəti strateji adsız yüksəkliyi düşməndən azad etməliyik. Döyüş şəraitində biz mövqelənib döyüş əmrini gözləyirdik. 10 oktyabr tarixində səhər gün doğan zaman yenidən düşmənin müəyyən bölmələri ilə döyüş oldu.

Düşmən bizdən yüksək mövqedə olduğu üçün bizi aydın görürdü və orada çox ağır döyüş baş verdi. Təəssüf ki, mən orada yaralandım. Düşmən qüvvələri bizdən yüksək ərazilərdə olduğuna görə bizi aydın görürdülər. O ərazilər getdikcə yüksələn ərazilərdir. Döyüşdə yaralanmazdan öncə silahdaşım, döyüş yoldaşım Şamaxıdan Şəhadət Yusubov qucağımda şəhid oldu. Düşmən gülləsi onun böyründən girərək iç orqanını zədələdi, daxili orqanlar dağıldığı üçün əlimizdən heç nə gəlmirdi. Onun siması yadımdan çıxmır. Şəhadət gülərək şəhadətə ucaldı. Digər şəhidlərimiz də gülərək şəhadətə ucalırdılar. Heç kim ölümdən qorxmurdu. Biz Vətən üçün orada idik, torpaqlarımız üçün mübarizə aparırdıq. Bu yolda candan keçmək şərəfdir. Şərəfli zabitlər üçün bu böyük məna daşıyır. Həmin istiqamətdə beş nəfər şəhid, 10 nəfər ağır yaralımız oldu. Həmin istiqamətdə yaralılarımızdan biri də Daxili Qoşunların hərbi qulluqçusu Elşən Quluzadə idi. O, xəstəxanaya çatdırıldı, 3 ay komada qaldı, amma təəssüf ki, komadan ayılmadı. Üç ay sonra şəhid oldu.

- İkinci pusqudan necə çıxdınız?

- O pusqudan çıxmağımıza bizim snayperlərimiz böyük dəstək göstərdilər. Çünki biz silahlarla qarşılıq verirdik, lakin onlar daha uzaq məsafələrdən nişan alırdılar. Snayperlərimiz orada çox mükəmməl işləyib, hədəfi dəqiq vuraraq bizi pusqudan çıxardılar.

- Sizin yaralanma anınıza qayıdaq, necə baş verdi?

- Mənim yaralanmağım isə silah yoldaşım Şəhadət şəhid olduqdan sonra baş verdi. Bilirsiniz, döyüşdə belə bir şey var ki, yanında dostun, yoldaşın şəhid oldusa, orada sənin gözünü qan bürüyür. Səndə qorxu hissi yox, əksinə intiqam hissi yaranır. Artıq nə olursa olsun, onun qisasını almağa çalışırsan. Sən orada onun qisasını almaq istəyərkən geri çəkilməli olduğun yerdə irəli gedib riskə girirsən.

Həmin istiqamətdə düşmənin snayper atəşi ilə üç güllə yarası aldım. Mərmilər hər iki ayaqdan və böyür nahiyəsindən dəydi. Ümumilikdə bu döyüş dörd saat davam etdi, mən yaralanana qədər iki saat döyüşdə iştirak etdim. Sonra yaralandım, ilk yardımı özüm özümə etdim. Düzdür, hər iki ayağıma “jqut” bağlayıb qanaxmanın qarşısını almağa çalışdım. Amma artıq üçüncü güllə böyür nahiyəmdən girib daxili orqanlarımı zədələdi. İç orqanlarım ciddi zədələndiyinə görə artıq heç bir şey edə bilmirdim. Orada yuvarlanaraq döyüş yoldaşlarımın yanına yaxınlaşdım. Onlar mənə əllərindən gələn yardımı etdilər.

Döyüş bitənədək, yəni təxminən iki saat gözlədim. İki saat sonra isə artıq düşmən məhv edildi və bizə dəstək gəlməyə başladı. Sonra bizi təxliyə eləməyə başladılar.

- Təxliyə edilən zaman huşunuz özünüzdə idi?

- Bəli, özümdə idi. Mən Füzulidə hospitala gətirilənədək huşum özümdə idi. Sonra narkoz verildi və cərrahi əməliyyat keçirdim.

- Yaralananda nə hiss etdiniz, nə düşündünüz?

- Vəziyyətimin ağır olduğunu dərk edirdim, ona görə də döyüş yolumun burada bitdiyini anladım. Bu mənim üçün çox ağır, qəbul etməkdə çətinlik çəkdiyim an idi. Döyüşçü üçün, hərbçi üçün bundan ağır heç nə ola bilməz. Sən bir daha ordu sıralarında olmayacaqsan, təlimlərə qatılmayacaqsan, silahdaşlarından uzaq düşəcəksən. Gizir üçün peşəsinin sona çatması, üzücüdür.

Mən istəməzdim döyüş yolum bu qədər tez bitsin. Şəhidlərimizin qisasını aldıq, buna sevinirəm. Amma dövlət bizi vətən üçün yetişdirdi. Yenə də bir döyüşçü kimi yetişdirilən, illərlə əziyyət çəkəndən sonra uzaqlaşacağını anlamağın çətin olur. Çünki nə qədər ağır olsa da, mən düşünürdüm ki, uzaqbaşı 10 günə yaralarım sağalar, yenidən döyüşə qayıdaram.

Lakin həkimlər mənə icazə vermədilər. İç orqanlar həddən artıq zədələndiyi üçün Füzuli hospitalında bir əməliyyat keçirdim, daha sonra Mingəçevirə göndərildim. Bir əməliyyat da orada keçirdim. Mingəçevir Mərkəzi Hospitalında yeddi cərrahi əməliyyat keçirdim.

Həkimlər mənə hər iki çanaq sümüyünün sınığı, qalın və nazik bağırsaqların amputasiyası, sidik kisəsinin, sol-sağ sidik kanalının deşilmiş yaraları diaqnozlarını qoydular. Bundan başqa sağ aşağı ətraf sinirin sıxılması diaqnozu da qoyuldu. Bunun üçün uzunmüddətli reabilitasiya prosesi keçirdim.  İlk bir ay ərzində doqquz əməliyyat keçirdim, ümumilikdə isə 15 cərrahiyyə əməliyyatı keçirmişəm.

- Müalicə müddəti ərzində YAŞAT Fondu tərəfindən dəstək oldumu sizə?

- YAŞAT Fondu tərəfindən 2021-ci ilin fevral ayında altıaylıq Türkiyəyə göndərildim. Bu müddət ərzində 6 əməliyyat keçirdim.

- Yaralananda ailənizə məlumat verdiniz, yoxsa necə?

Mən döyüşdə olanda üzərimdə sadə telefon olub. Lakin bu cihazdan istifadə etməməyə çalışmışıq. Sadəcə ailə ilə əlaqə saxlamaq üçün məcburi ekstrim hallarda əlaqə saxlayırdıq. Ev ilə danışanda onlara döyüşdə olmadığımı, geridə olduğumu deyirdim. XTQ mənsubu olduğumu da bilmirdilər, maddi-texniki bazada çalışdığımı düşünürdülər. Atamla danışanda nəfəsim təngnəfəs olurdu, atam şübhələnirdi. Amma yenə də küləkli yerdə olduğumuzu, səsimin bu səbəbdən elə gəldiyini deyirdim.

- Bəs axı, müalicə müddəti gedirdi, nəhayət, yaralandığınızı ailənizə nə zaman demək qərarına gəldiniz?

Dostlarım mənim yaralandığımı, hospitalda olduğumu bilirdilər. Əməliyyatlardan birində komaya düşdüm, kliniki ölüm keçirdim. Artıq riskli olduğunu düşünən dostlarım ailəmə yaralandığımı dedilər. Bizim əsgərimiz var idi - Musa Musazadə. O, sosial şəbəkə üzərindən mənim hesabımı, oradan atamın hesabını tapıb. Atamın dostlarından onun nömrəsini öyrənib və əlaqə saxlayıb. Vəziyyətim barədə onlara məlumat verib.

Yaralandığımdan 20 gün sonra ailəm bildi və atamgil yanıma xəstəxanaya gəldilər. Artıq bir həftə mən komada olmuşam, nə baş verdiyindən xəbərsiz olmuşam. Hər kəs narahat olub.

- Koma vəziyyətində bəzən insanların eşitdiyini, hiss etdiyini deyirlər. Siz eşidirdinizmi?

- Atamı komada olduğum müddətin son günlərində, reanimasiya otağına buraxıblar.  Atam mənimlə söhbət edib, danışıb. Mən heç nə eşitməmişəm. 

Əslində mən bəzi hallarda ətrafdakı səsləri eşidirdim, bəzi hallarda yox. Mingəçevir Mərkəzi Hospitalında keçirdiyim əməliyyatlardan birində kliniki ölüm keçirdim. Məndən əllərini üzmüşdülər. Son anda xəstəxanadakı Humay adlı tibb bacısının çevik davranması nəticəsində həyata qayıtdım. Bəlkə də öləcəkdim. Daha sonra Mingəçevir Mərkəzi Hospitalının baş həkimi Könül Ələkbərov təlimat verdi ki, gecə-gündüz mənim yanımda növbətçi olsun. Ürəyim zəif olduğundan hər an dayanması riski var idi.

- Komadan ayılanda kim vardı yanınızda?

- Elə həmin tibb bacısı yanımda idi. Məndən soruşdu ki, nə istəyirsən? Eşidirdim, amma reaksiya verə bilmirdim. Susadığım üçün dilimi hərəkət etdirdim, amma o anlamadı. Mən su istədiyimi bildirə bilmirdim. Sonra dedi ki, əgər su istəyirsənsə, əlimi sıx. Əlini də sıxa bilmədim. Dedi ki, heç olmasa, üzünün mimikasını dəyiş, bilim. Mən də gülməyə çalışdım və nəhayət, məni başa düşdü. Çox su içmək olmazdı deyə bir neçə damcı, şprislə su verdi. Sanki dünyalar mənim olmuşdu. Günlərlə komada susuz qalmışdım. Nə qədər sistemlər də getsəydi, sanki ciyərim susuzluqdan yanırdı.

- Bəs reabilitasiya dövrünüz necə keçdi?

- Müharibədə yaralanmağımla əlaqədar 06.11.2021-ci il tarixindən etibarən II dərəcə əlillik təyin olunub. YAŞAT Fondunun dəstəyi ilə Türkiyədə keçirdiyim müalicə və reabilitasiya kurslarından əlavə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən reabilitasiya xidmətlərinə də cəlb edilmişəm.

Qeyd edək ki, Qismət Əliyevə birdəfəlik sığorta ödənişi altı min altı yüz (6 600) manat verilib, Prezident təqaüdü və pensiya olaraq min iki yüz qırx yeddi (1 247) manat aylıq sosial ödəniş təyin edilib.

O, dövlət tərəfindən növbəlilik qaydasında minik avtomobili ilə də təmin ediləcək. 

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Bənzər xəbərlər

Gündəm

0.040724039077759