Oct 17

Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlılara qarşı soyqırımında ittiham edilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı açıqlanıb.

Mozalan.az xəbər verir ki, iclas oktyabrın 18-nə təyin olunub.

15:39

“Mən əsir düşmüşdüm. Məni ermənilər döyürdülər. Əsirlikdə məni döyənlərdən biri də Vaqif Xaçatryan idi. Xaçatryan o zaman millətçi kimi ad çıxarmışdı. Qara forma geyinirdi, saqqalı var idi”.

Mozalan.az-ın məlumatına əsasən, bunu Vaqif Xaçatryanın cinayət işi ilə bağlı məhkəmə prosesində zərərçəkmiş Barak Novruzov deyib.

“22 dekabr 1991-ci ildə, səhərə yaxın post növbətçiliyi dəyişirdi. Atışma şiddətləndi. Güclü döyüşdən sonra ermənilərə dedik ki, heç olmasa qadınların, uşaqların, qocaların çıxmasına imkan versinlər. Söz verdilər, amma bacım elə qapını açan kimi onu güllə ilə vurdular. Bacım dərhal keçindi. Qızlar da qapını açan kimi güllə yağışına tutdular. Atamı da yaraladılar. O aldığı yaralardan keçindi. Anamla balaca bacım sağ qalmışdı. Amma ermənilər balaca bacımla anamı da öldürdülər. Bacım qapının ağzında qalmışdı, anam isə tövlənin qarşısında”, - deyə zərərçəkmiş bildirib.

Zərərçəkmiş qeyd edib ki, erməni silahlı dəstələri onların qaldığı evə od vurublar.

“Məni sonra əsir götürdülər və döydülər. Mənim sağ qalmağımı istəyirdilər. Məqsədləri mənim başımı erməni qəbri önündə kəsmək idi. Atamın döyüşlər zamanı öldürdüyü ermənilərin qisasını məndən almaq istəyirdilər”.

15:11

Vaqif Xaçatryanın məhkəməsində daha bir zərərçəkmiş - Rəhilə Mehralıyeva - ifadə verib.

Mozalan.az bildirir ki, Rəhilə Mehralıyeva Meşəli kəndində qeyri-qanuni erməni silahlı birləşmələrinin mülki əhaliyə divan tutduğunu deyib.

“Əmimin və bibimin oğulları şəhid oldular. Bizim kəndi atəşə tuturdular. Hadisələr olanda mənim 21 yaşım var idi. Vaqif mənim atamı da yaxşı tanıyırdı. Xaçatryana ən ağır cəza kəsilməlidir”, - deyə Rəhilə Mehralıyeva əlavə edib.

14:51

“Vaqif Xaçatryan Meşəli qətliamında da, Xocalı soyqırımında da iştirak edib”.

Mozalan.az-ın məlumatına əsasən, bunu Vaqif Xaçatryanın məhkəmə iclasında zərərçəkmiş Sabir Hacıyev deyib.

O bildirib ki, Vaqif Xaçatryanın əli qana batıb və ona ən ağır cəza verilməlidir.

14:34

Azərbaycanlılara qarşı soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryanın məhkəmə prosesində Meşəli qətliamında ailə üzvünü itirən Şakir Mirzalı oğlu Qonaqov ifadə verib.

Mozalan.az-ın məlumatına əsasən, Şakir Qonaqov bildirib ki, qardaşı Musa Qonaqov Meşəli hadisələrində şəhid olub.

“Qardaşım şəhid olandan sonra ermənilər onun cəsədini də güllələyiblər”, - deyə o əlavə edib.

Şakir Qonaqov bildirib ki, Vaqif Xaçatryanı şəxsən tanımır, lakin onun Meşəli qətliamında iştirak etdiyini bilir.

12:15

Azərbaycanlılara qarşı soyqırımında ittiham edilən Vaqif Xaçatryanın məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisi İlham Kazımov dindirilib.

Mozalan.az-ın məlumatına əsasən, İlham Kazımov bildirib ki, Meşəli kəndində erməni silahlı dəstələri qətliam törədiblər.

“Bir gündə 25 şəhid verdik, atam da şəhid oldu. 14 nəfər yaralandı. Vaqif atamı yaxşı tanıyırdı - Xəlil Kazımov. 

Mən Vaqifi şəxsən tanımırdım. Amma azərbaycanlılardan biri, Nübar Qasımova dedi ki, Vaqifin dəstəsi azərbaycanlıları qırır”, - deyə o əlavə edib.

O əmin olduğunu deyib ki, adıçəkilən Vaqif indi mühakimə edilən Vaqif Xaçatryandır.

“Onların imkanı olsaydı, Meşəlidə hamını öldürəcəkdilər. Sadəcə olaraq, sakinlərin bir qismi qaça bilmişdi”, - deyə o bildirib.

11:55

Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmiş Nemət Kamal oğlu Rəcəbov ona sual edib.

Xaçatryan bildirib ki, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etməyib.

Keçmiş polis serjantı Rəcəbov Nemət isə ona etiraz edib.

Videonu təqdim edirik:

11:33

“Vaqif Xaçatryana ömürlük həbs cəzası verilməyəcək”.

Mozalan.az-ın məlumatına əsasən, bunu Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində deyib.

O bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, yaşı 65-i keçmiş qadın və kişilərə ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilmir.

Qeyd edək ki, Vaqif Xaçatryan 1955-ci il təvəllüdlüdür.

11:29

Xocalının Meşəli qəsəbəsində azərbaycanlılara qarşı soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryana qarşı ittiham aktının bəzi hissələri məlum olub.

Mozalan.az-ın məlumatına əsasən, bununla bağlı Xaçatryanın məhkəmə prosesində dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edərkən deyib.

İttiham aktında göstərilib ki, Vaqif Xaçatryan  1988-ci ilin noyabr ayının sonlarında sürücülük məktəbini bitirmələri ilə əlaqədar imtahan vermək məqsədi ilə Xankəndi şəhərinə gəlib və Xankəndi Şəhər Polis (keçmiş milis) İdarəsinə salınaraq orada saxlanılmış, Xocalı rayonunun Meşəli kənd sakinləri Məmməd İslam oğlu Kazımov və Zakir Novruz oğlu Novruzovun saxlanıldıqları otağa qanunsuz silahlı hərbi birləşmələrin istintaqa məlum olmayan digər beş üzvü ilə birlikdə daxil olub, onları erməni dilində nalayiq sözlərlə təhqir edərək azərbaycanlıların kökünü kəsmək lazım olduğunu bildirib.

Bildirilib ki, o bu məqsədlə həmin şəxslərə yumruq və təpiklə üz, baş və bədənin digər nahiyələrinə çoxsaylı zərbələr vurub, döyüb.

“Daha sonra Qarabağın kimə məxsus olduğunu soruşaraq cavab almadığına görə onları döyməyə davam edib və üzərində olan bıçağı nümayiş etdirərək: “Sizin hər birinizin bir yerinizi kəsmək lazımdır ki, artıb törəyə bilməyəsiniz”, - sözlərini işlədib, Məmməd Kazımovun xaya nahiyəsinə bıçaqla bir zərbə vurub.

Zərbənin təsirindən yıxılan Məmməd Kazımov erməni dilində Vaqif Xaçatryanın ünvanına nalayiq sözlər işlətdiyinə görə o, əlindəki bıçaqla hər iki ayağının üzərində kəsiklər etməklə ona sağlamlığa yüngül zərərvurmaya aid “xayalığın, sol və sağ aşıq-baldır oynaq proyeksiyasının və sağ ayaq pəncəsinin arxa səthinin kəsilmiş yaraları, sağ qaşın sol gicgah nahiyəsinin və sağ əlin birinci barmağının küt yarası” xəsarətlərini yetirib, “Qoy it kimi canın çıxanadək qanın axsın” sözlərini işlədib”, - deyə ittiham aktında bildirilir.

Xatırladaq ki, Vaqif Xaçatryanın məhkəmə istintaqı Bakı Hərbi Məhkəməsində aparılır.

10:29

Vaqif Xaçatryanın hüquqlarını müdafiə edən vəkil dəyişib.

Mozalan.az-ın məlumatına görə, buna səbəb Vaqif Xaçatryanın vəkili Natiq Bəybalayevin səhhətində yaranan problemdir.

Bundan sonra Vaqif Xaçatryanın hüquqlarını Radmila Abılova müdafiə edəcək.

10:05

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin növbəti məhkəmə prosesi başladı.

Mozalan.az-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

09:28

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin növbəti məhkəmə prosesi keçiriləcək.

Mozalan.az-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək.

İş üzrə dövlət ittihamını baş prokurorun köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov müdafiə edəcək.

Məhkəmədə Vaqif Xaçatryanın hüquqlarını isə vəkil Natiq Bəybalayev müdafiə edəcək.

Qeyd edək ki, məhkəmə prosesində hazırlıq iclası oktyabrın 13-də keçirilib.

İş üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, 29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezoviç Xaçatryan səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub.

Həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib.

Sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bildirək ki, Vaqif Xaçatryan qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərə qarşı törədilmiş soyqırımı və deportasiyada iştirakda ittiham olunur.

Daha çox şəkil burada: PhotoStock.az

Aqşin Kərimov

Bənzər xəbərlər

Gündəm

0.027987957000732