Ağla, Vaqif, ağla
Aqşin Kərimov yazır...
Yasamal Rayon Məhkəməsinin inzibati binasında cinayət işi üzrə hazırlıq iclasında müttəhim kürsüsündə əyləşən Vaqif Xaçatryan kameralar, fotoaparatların obyektivləri önündə göz yaşları tökdü.
İllərdir bir xalqa - Azərbaycan xalqına - qarşı nifrət hissinin əsirinə çevrilmiş Vaqif Xaçatryan indi düşmən saydığı dövlətin məhkəmə prosesində gözündən yaş çıxardır.
Bəlkə də, Xaçatryan mediada çıxacaq fotoları, televiziyalarda yayımlanacaq süjetlər üçün çəkilən kadrlar vasitəsilə məzlum obrazı yaratmağa çalışır. Bəlkə də, Xaçatryanın göz yaşları insanın bioloji instinktinin məhsuludur.
Vaqif Xaçatryanın məhkəmədəki hönkürtüsünün keçmiş günahlarının, yoxsa əzəli nifrəti həyata keçirməkdə aciz qalmağının hayqırtısı olduğunu müəyyən etmək çətindir. Axı kim zəmanət verir ki, Xaçatryan azərbaycanlılara qarşı içində illərdir formalaşmış qəzəbini öldürüb?!
Bilmirik, amma əlahəzrət fakt budur ki, ya zəlzələdən, ya da vəlvələdən Vaqif Xaçatryan ağladı.
Məhkəmə prosesində iştirak edən media nümayəndələri kimi, mən də Vaqif Xaçatryanın ağlamasına şahidlik etdim.
Bu ağlamaq daha çox Azərbaycan xalqına qarşı nifrətin acizliklə əvəz olunmasının göstəricisi kimi beynimdə canlandı.
Sual yarandı, görəsən, Xaçatryanın əlində imkanlar olsaydı, nələr edərdi?! Bu fikrimi Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı ən ağır cinayətlərdə ittiham olunan Vaqif Xaçatryanın timsalında bütün ermənilərə şamil etməkdən uzağam, indi sülh zamanıdır.
Azərbaycan dövlət və xalq olaraq sülhün tərəfindədir, amma sülhün mütləq təmini üçün zərərli elementlər aradan qalxmalıdır.
Məhkəmənin yekun hökmü olmadan Vaqifi birbaşa hansısa cinayətlərdə ittiham edəcək konkret ifadələr işlətməyəcəyəm, bu, mənim Konstitusiya qarşısında (maddə 63) və peşə borcu önündə məsuliyyətimdən irəli gəlir.
Məhkəmədə zərərçəkmiş şəxs qismində iştirak edən Təmraz Məmmədovun hakimlər müşavirəyə gedərkən Xaçatryana özündən asılı olmadan bir sual verməsi diqqətimi çəkdi. Təmraz Məmmədovun: “Vaqif, bura bax, məni tanıdın?” - deməsi illərdir ədalətin həsrətini çəkən insanların vahid yanaşmasının təsviridir.
Təmraz Məmmədov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır, dediyinə görə, Vaqif Xaçatryanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərin şahidi olub.
Kontuziyalıdır, əsəbidir, ancaq onun Xaçatryana qarşı göstərdiyi tövr süni görünmür, heç döyüş əhval-ruhiyyəsinə də bənzəmir. Cənab Məmmədov, sadəcə, onilliklər boyunca daxilində yığılmış ağrı-acısını ifadə edir.
Ümumiyyətlə, belə məhkəmələrin sülh prosesi üçün nə qədər əhəmiyyətli olması təsəvvür edilənin də fövqünə çıxır.
Sülh istəyirsənsə, sülhpərvər olmalısan, həm əməldə, həm də sözdə. Yox, olmayıb, mülki insanların, əsirlərin qanına susayıb, sonra sülhdən danışırsınsa, gec-tez məhkəmədə cavab verəcəksən.
Məhkəmə prosesləri sülhü təmin edir. Çünki sülhü zədələyən elementlər, revanşist obrazları səhnədən təmizləyib lazımi yerə göndərir.
Ağla, Vaqif, bu, sənin bioloji hüququndur, sadəcə, məhkəmədə cavab ver, hüquq qarşısında məsuliyyət və vəzifələrini dərk et, təqsirin məhkəmə ilə hələ sübuta yetirilməyibsə belə, Xocalıda cinayət törədənlərə çağırış et, dərs çıxarsınlar.
Biz sülh istəyirik, Azərbaycan sülh tərəfdarıdır, buna şübhə etmək lazım deyil. Xaçatryanın istintaqı da qayda-qanunla aparılıb, məhkəmədə onun bütün hüquqları təmin edilib.
Ədalətdən qaçmaq çətin məsələdir, hamı törətdiyi əməllərin cəzasını bir gün çəkəcək - kimisi ağlayaraq, kimisi də fərqli şəkildə.