SOCAR-da Naftalan yatağının perspektivliyinin yüksəldilməsinə dair xüsusi proqram hazırlanıb - FOTO
Naftalan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, “PMD Hospitality”nin birgə təşkilatçılığı ilə keçirilən “Naftalan - sağlamlıq və turizmin sinerji mənbəyi. Beynəlxalq turizm mərkəzinin inkişaf strategiyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans oktyabrın 8-də işinə plenar iclas və panel müzakirələrlə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransdan öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla anıblar. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçirilib.
Naftalan haqqında videoçarx nümayiş etdirildikdən sonra konfransın plenar iclası işə başlayıb.
Konfransda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Həmçinin, ölkəmizdə həyata keçirilən iqtisadi islahatların, xüsusilə də sahibkarlığın, biznesin inkişafının hər zaman dövlətin diqqət mərkəzində olmasını, bu sahədə ciddi uğurlar əldə edildiyini, paytaxtda və bölgələrdə yeni sosial-iqtisadi layihələr həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, beynəlxalq elmi-praktik konfrans işgüzarlığı və səmərəliliyi ilə qarşılıqlı əlaqələrin qurulmasına, tibbi turizmin beynəlxalq səviyyədə inkişafına öz dəyərli töhfəsini verəcək.
AMEA-nın prezidenti, deputat İsa Həbibbəyli, səhiyyə nazirinin müavini Nadir Zeynalov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmit, SOCAR prezidentinin müşaviri Xalik Məmmədov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, “PMD Hospitality”nin Baş tibb inzibatçısı Çingiz Hacıyev, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktor vəzifəsini icra edən Fərhad Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının qiymətləndirilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması, müalicəvi və tibbi, arxeo, aqro və eko turizmin inkişafı, beynəlxalq aləmdə Naftalanın turizm potensialının təbliğinə və təşviqinə imkan yaradılması yollarından danışıblar.
Bildirilib ki, turist axını baxımından Naftalanın inkişafı yüksək qiymətləndirilir. Naftalan neftinin özünəməxsus müalicəvi əhəmiyyəti onu dünyada məşhur edib. Daha çox dəri xəstəlikləri və dayaq-hərəkət xəstəliklərinin müalicəsində bu neftdən geniş istifadə olunur. Bu baxımdan Naftalan nefti barədə dünyada məlumatlılıq dərəcəsini artırmağa zərurət var.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, ölkəmizdə sağlamlıq turizminin davamlı inkişafı məqsədilə ilə SOCAR-da Naftalan yatağının perspektivliyinin yüksəldilməsinə dair xüsusi proqram hazırlanıb. Proqramda mütərəqqi qazma üsullarından istifadə olunmaqla, yeni axtarış quyularının qazılması nəzərdə tutulur. Artıq bu il 3500 metr dərinliyə bir quyunun qazılması planlaşdırılır. 1950-ci ildən bu günədək 60 min tona yaxın Naftalan nefti hasil olunub. 1970-ci ildə hasilat maksimum səviyyəyə yüksəlmiş və yataqdan 1779 ton neft çıxarılmışdır. Naftalan yatağının ilkin balans ehtiyatları 1 milyon 165 min ton, ilkin çıxarıla bilən ehtiyatları 117 min ton həcmində qiymətləndirilir. Çıxarıla bilən neft ehtiyatının 52,2 faizi artıq mənimsənilib. Hazırda yatağın qalıq balans ehtiyatları 1 milyon 109 min ton, qalıq çıxarıla bilən neft ehtiyatları 61 min ton təşkil edir. Ümumi quyu fondu 94, cari istismar fondu isə 32 quyudan ibarətdir.
Sonra Litvanın Druskininkay şəhər merinin müavini Linas Urmanaviçius, Türkiyənin Yalova şəhərinin bələdiyyə sədrinin köməkçisi Fatih Şahin, Almaniya Tibbi Sağlamlıq Assosiasiyasının prezidenti Lutz Lungvits, Rusiyanın Kazan şəhərinin Turizm inkişafı komitəsinin şöbə müdiri Anna Strelkova, Qazaxıstanın Astana şəhərinin Daxili siyasət şöbəsi rəhbərinin müavini Miras Abdurahman, Özbəkistanın Tibbi Turizm Assosiasiyası prezidentinin müavini Axmad Axmedov çıxış edib, Naftalan neftinin möcüzəvi faydalarından danışıblar.
Daha sonra konfrans işini üç panel üzrə davam etdirib. Panellərdə “Naftalanın sağlamlıq turizmi destinasiyasının qlobal marketinq perspektivləri”, “Naftalanda dayanıqlı turizm idarəçiliyi: risklərin qorunması, təhlükəsizlik, elmi araşdırmalar və keyfiyyət standartlarının tətbiqi”, “Naftalan və alternativ turizm imkanları: Arxeologiya, aqroturizm və ekoturizm perspektivləri” mövzusunda müzakirələr aparılıb.
Konfransdan gözlənilən nəticələr müasir dövrdə sağlamlıq turizminin müxtəlif sahələrində qarşıya çıxan problemlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması yollarını müzakirə edərək, təklif və tövsiyələr hazırlamaq, eyni zamanda, beynəlxalq aləmdə Naftalanın turizm potensialının təbliği və təşviqinə imkanlar yaratmaqdır.
İki gün davam edən beynəlxalq konfransa 8 xarici ölkənin nümayəndələri, ümumilikdə isə 100-dən çox iştirakçı qatılıb.