Azərbaycanın Almaniyadakı səfiri alman telekanalına Qarabağ həqiqətlərindən danışıb - VİDEO
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyanın tanınmış dövlət telekanalı olan PHOENIX kanalına müsahibə verib.
Bu barədə Azərbaycanın Almaniyadakı səfirliyindən bildirilib.
Müsahibə çoxmilyonlu tamaşaçı auditoriyasına malik telekanalda canlı yayımlanıb, habelə Almaniyanın digər nüfuzlu ictimai kanalları olan ARD və ZDF kanallarının videotekasında yerləşdirilib. Müsahibəni tanınmış alman jurnalist Florian Bauer götürüb.
Nəsimi Ağayev müsahibəsində təxminən 30 il müddətində Ermənistanın Azərbaycana qarşı gerçəkləşdirdiyi hərbi təcavüz, Azərbaycan ərazisinin 20%-nin zəbt edilməsi, işğal olunmuş ərazilərdə həyata keçirilmiş etnik təmizləmələr, maddi və mədəni irsin dağıdılması, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə danışıb. Səfir bildirib ki, 2020-ci ildə baş verən 44 günlük müharibə nəticəsində imzalanmış Üçtərəfli Bəyanata zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşdirdiyi 10 000-ə yaxın əsgərini Azərbaycan ərazilərindən çıxartmayıb və bu silahlı hərbi birləşmələr Azərbaycan vətəndaşlarına qarşı terror və müxtəlif növ təxribatları davam etdiriblər.
“Səfir əlavə edib ki, Ermənistan Azərbaycan tərəfinin təxribatlara son qoymaq və qanunsuz silahlı qüvvələri Qarabağ bölgəsindən çıxarmaqla bağlı uzunmüddətli tələblərinə məhəl qoymayıb, ərazilərimizdə yeni minalar yerləşdirərək vətəndaşlarımızın ölümünə səbəb olub. Nəticədə Azərbaycan beynəlxalq hüquqa görə ona məxsus olan ərazilərdə lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə məcbur olub. N.Ağayev Azərbaycan ordusunun 24 saatdan az çəkən antiterror tədbirləri zamanı beynəlxalq humanitar hüququn bütün tələblərinə əməl edərək mülki şəxsləri və ya onların məskunlaşdığı yerləri hədəf almadığını, yalnız hərbi obyektlərin məhv edildiyini xüsusilə vurğulayıb. Səfir, həmçinin, Azərbaycan tərəfindən Qarabağdakı ermənilərə göstərilən humanitar yardımlardan ətraflı bəhs edib.
Səfir Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşları olaraq nəzərdən keçirildiyini, onların Azərbaycanda həyatın bütün sahələrinə reinteqrasiya edilməsi, habelə sözügedən bölgədə yaşamalarını davam etdirmələri üçün bütün şəraitin yaradılacağını, onların təhlükəsizliyinin və bütün hüquq və azadlıqlarının təmin ediləcəyini söyləyib”, - səfirliyin məlumatında qeyd olunub.
Nəsimi Ağayev müsahibəsində Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunub. İki ölkə arasında ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması, eləcə də ərazi iddialarından imtina edilməsinə əsaslanan sülh sazişinin imzalanmasının zəruriliyini ifadə edib.