Azərbaycan səfiri Bundestaqın ermənipərəst diplomatına cavab verib
“Bəzi Qərb siyasətçilərinin Ermənistanın nə etməsindən asılı olmayaraq onu Azərbaycana qarşı tam dəstəkləməsi erməni separatçılarını daha da inadkar edib. Bununla da sülhün əldə olunması çətinləşib”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ölkəmizi hərbi təcavüzdə ittiham edən Almaniya Bundestaqının üzvü kimi fəaliyyət göstərən, Almaniya Sosial Demokrat Partiyasının (SPD) siyasətçisi Maykl Helmut Rota cavabında deyib.
Səfir diqqətə çatdırıb ki, bu, suveren ərazimizdə illərlə vətəndaşlarımızı terrora məruz qoyan qanunsuz erməni qoşunlarına qarşı lokal antiterror tədbirləridir:
“Kaş ki, bütün bu illər ərzində Qarabağda erməni silahlı separatizminə və Ermənistanın dəhşətli cinayətlərinə qarşı eyni dərəcədə açıq danışardınız”.