AzQAC-ın baş katibi: “Keçid reallaşsa, Qarabağda yaşayan ermənilərə növbəti yardıma hazırlıq görüləcək”
“Keçid reallaşsa, Qarabağda yaşayan ermənilərin ərzaq və ya qeyri-ərzaq məhsullarına olan təminatı müəyyən etmək üçün sorğu götürərək növbəti yardım üçün hazırlıq görüləcək”.
“Report”un Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev gətirilən humanitar yardımın keçidi üçün hələ də müsbət nəticənin olmadığını bildirib.
“Artıq 20 gündür ki, müvafiq işçi heyətimizlə bərabər ərazidəyik. Bütün müvafiq danışıqlar aparılıb, hələ ki cavab yoxdur. Ərzaq yüklü avtomobillər də buradadır”.
C.Mirzəyev onu da bildirib ki, əsas məqsəd Xankəndidə yaşayan erməniəsilli sakinlərə 40 ton unu çatdırmaqdır.
“Hazırda gözləyirik, bu və ya digər şəkildə keçid üçün tam hazırıq. Məqsədimiz odur ki, Xankəndidə yaşayan erməniəsilli sakinlərə 40 ton unu çatdıraq. Çatdırılana qədər də burada gözləyəcəyik”, - AzQAC-ın baş katibi vurğulayıb.
“Əgər keçid baş tutarsa, biz orada insanlar arasında bir sorğu qiymətləndirmə aparmalıyıq ki, ehtiyacları müəyyən edək. Ehtiyacları müəyyən etdikdən sonra növbəti mərhələdə ərzaq, qeyri-ərzaq və digər tələbatla bağlı planlama aparıb yardım etməyə hazırlaşacayıq”, - C.Mirzəyev Qızıl Aypara Cəmiyyətinin buna tam hazır olduğunu da ifadə edib.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət və mənşə sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
AzQAC-ın göndərdiyi 40 ton unla dolu yük avtomobilləri artıq 20 gündür Ağdam-Xankəndi yolunda gözləyir.