Yeni Zelandiya COVID-19-la bağlı bütün məhdudiyyətləri ləğv edir
Yeni Zelandiya hökuməti avqustun 15-dən etibarən COVID-19 səbəbi ilə bütün ictimai sağlamlıq tələblərini (karantin məhdudiyyətlərini) ləğv edib.
Bu barədə səhiyyə naziri Ayeşi Verrall məlumat verib.
O bildirib ki, yaxın gələcəkdə yoluxma hallarının sayında dalğalanmalar gözlənilsə də, COVID-19-un ümumi yoluxma səviyyəsi və xəstəliyə görə xəstəxanaya yerləşdirilənlərin sayı iyun ayının əvvəlindən azalmaya doğru gedir.
Ayeşi Verrall həmçinin onu da qeyd edib ki, son bir ayda ölkədə COVID-19-a yoluxma hallarının sayı bu ilin fevralından indiyə qədər ən aşağı səviyyədə olub.
Belə ki, avqustun 14-də xəstəxanaya daxil olanların cəmi 2,2 faizini COVID-19 infeksiyasına yoluxan şəxslər təşkil ediblər.
Nazirin sözlərinə görə, Yeni Zelandiya çox güman ki, artıq qripin pik həddini keçib.
“Bundan əlavə, Yeni Zelandiya əhalisinin immunitet səviyyəsi də əsas verir ki, ölkə COVID-19-un qalan tələblərini də təhlükəsiz şəkildə aradan qaldırsın”, - deyə A.Verrall qeyd edib.
Mənbə: RBC-Ukrayna