Aug 15

“ABŞ-nin Ukraynanı sonadək dəstəkləyəcəyini gözləmək sadəlövhlük olar” - RƏY + FOTO

“ABŞ-nin proseslərə ancaq öz maraqları kontekstindən yanaşmasına dair kifayət qədər nümunə var”.

Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, rəsmi Vaşinqton uzun illərdir ki, belə xarici siyasət kursunu yeridir:

“ABŞ-nin Ukraynanı sonadək dəstəkləyəcəyini gözləmək sadəlövhlük olar. Maraqları bunu tələb edəndə Ağ Ev Ukraynanı rahatlıqla yarı yolda qoya bilər. Biznesdə belə bir qayda var: xərclər mənfəəti üstələməməlidir. ABŞ də proseslərə bu aspektdən yanaşır. Nəzərə almaq lazımdır ki, Prezident Cozef Bayden müharibəyə xeyli vəsait ayırıb. Əgər əks-hücum əməliyyatlarında lazımi nəticə əldə olunmasa, əlbəttə, ABŞ Ukraynadan sülh danışıqlarına başlamağı tələb edə bilər. Onu da nəzərə almaq lazımdır ki, ABŞ-nin Ukraynadakı müharibədə tutduğu mövqe artıq daxili müzakirələrə səbəb olub”.

İ.Vəlizadənin sözlərinə görə, gələcəkdə Vaşinqton Ukraynadakı müharibə ilə bağlı ritorikasını dəyişə bilər:

“Bu, tamamilə gözləniləndir. Tarixi təcrübə də göstərir ki, ABŞ bir vaxtlar dəstəklədiyi dövlətləri sonradan yarı yolda qoya bilər. Məsələn, Gürcüstan-Rusiya müharibəsində Vaşinqton Tbilisinin arxasında olduğunu deyirdi. Ancaq sözügedən müharibənin nəticəsi və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin hazırkı durumu hər kəsə məlumdur. Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin də gələcəkdə Saakaşvilinin taleyini yaşayacağını istisna etmək olmaz. Bu isə ABŞ-nin sürüşkən xarici siyasətinin nəticəsi olacaq. Həmçinin, ABŞ vaxtilə Misirdə də eyni oyunu oynamışdı. Yəni bu cür hallar Ağ Evin xarici siyasət kursu üçün gözləniləndir”.

Politoloqun sözlərinə görə, ABŞ hələ ki Ukraynaya dəstəyini davam etdirəcək:

“Lakin gələcəkdə bütün ssenarilərə hazır olmalıyıq. Zelenski də tarixi təcrübədən çıxış edərək bilməlidir ki, Baydenə və ümumiyyətlə ABŞ-yə çox güvənmək olmaz”.

Qeyd edək ki, Qərbin aparıcı dövlətlərindən olan ABŞ uzun illərdir ki, sürüşkən xarici siyasət yürüdür. ABŞ-nin xarici siyasətinin bir sıra bölgə və ölkələrə, o cümlədən Əfqanıstan, İraq, Liviya, Suriyaya gətirdiyi fəsadlar çoxlarına məlumdur. ABŞ-nin tərəfdaş ölkələrə - Pakistan, Səudiyyə Ərəbistana xəyanəti göz qabağındadır. ABŞ tərəfindən NATO üzrə müttəfiqi olan Türkiyədə FETÖ-nün əli ilə çevriliş cəhdi, Türkiyədə keçirilən son prezident seçkisində də ABŞ-nin FETÖ-nün bütün resurslarını səfərbər edərək hakimiyyət dəyişikliyinə cəhd göstərməsi kimsəyə sirr deyil. İndi Ukraynaya qarşı da eyni xətt hiss olunmaqdadır – Ukraynanı kəskin addımlara təhrik edən və dəstək vəd edən ABŞ-nin hazırda bundan yayınmağa çalışdığı hiss olunur. Artıq Ukrayna rəsmiləri etiraf etməyə başlayıblar ki, ABŞ Ukraynanı işğalla barışmağa vadar etməyə çalışır. Yeri gəlmişkən, vaxtilə ABŞ Azərbaycanı da torpaqlarının işğalı ilə barışmağa razı salmağa çalışırdı.

Bənzər xəbərlər

Gündəm

0.35184097290039