Aug 13

Əzilmiş FETÖ zəlisinin qopmayan dişləri - VİDEO

2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdindən sonra bir çox qaranlıq məqamlara aydınlıq gəldi. Belə ki, cəmiyyətdə söz, status sahibi olanların vətənlərinə nə qədər “bağlı” olduqları ortaya çıxdı. Dövlət içində dövlət quranlar şəxsi ambisiyalarını ölkənin konstitusiyasından üstün tutaraq hakimiyyəti devirməyə cəhd etdilər. Qanlı hadisədə “alternativ dövlət” piramidasının başında duran Fətullah Gülən isə okeanın o tayından marionetlərinin təşkil etdiyi tamaşaya baxaraq hadisələrin gedişatını təxmin etməyə çalışırdı. O dövrdən sonra rəsmən terror təşkilatı kimi tanınan FETÖ ifşa edildi və yaxın coğrafiyada metastaz verdiyi bütün yerlərdə üzvləri özlərini ələ verdilər. Din adı altında pərdələnən “hoca”ların, əslində, siyasi fəaliyyətlə məşğul olduğu, destruktiv mövqe sərgilədiyi və gəncləri elm adı altında ətrafına toplayaraq öz çirkin məqsədləri üçün istifadə etdiyi gün üzünə çıxdı. Bundan sonra isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılan “dindar”ların məhkəmələrinin ardı-arası kəsilmədi.

2020-ci ildə Türkiyədə FETÖ ilə əlaqəli məhkəmələrdən birində təqsirləndirilən şəxs qismində cəlb edilən Mübariz Mənsimov var idi. Həbs etdilər, çirkli əməllərinə görə qanuni cəzasını aldı, azadlıqdan məhrum etdilər. Amma Mübariz var, Mübariz var! Biri təkbaşına şərti sərhədi keçərək onlarla erməni öldürür, biri də xeyriyyəçi libasına bürünüb terror təşkilatına üzv olur. Birinci Milli Qəhrəman, ikinci isə mini qəhrəmandır. Azından özünü belə təqdim etməyi, cəmiyyətə bu obrazı yedirtməyi bacarıb. Bu da bir bacarıqdır. Əl altdan terror təşkilatına üzv ol. Bununla da kifayətlənməyib həmin quruluşun ən ali səviyyəsində təmsil olun. FETÖ-nun fəaliyyətinin hüquqi müstəvidə qiymətlədirilməsi aparıldıqda anlayırsan ki, İstanbul Regional Ədliyyə Məhkəməsi 3-cü Cəza Dairəsinin Mübariz Mənsimova verdiyi Fətullahçı Terror Təşkilatı çərçivəsində “iyerarxik struktura daxil olmamaqla təşkilata qəsdən yardım etmək” cinayətinə görə beş illik cəza onun üçün amnistiya olub. Proseslərin hüquq çərçivəsində dəyərləndirilməsini başa düşdük, bəs mənəvi prizmadan baxanda mənzərə necə görünür? Məncə heç də ürəkaçan deyil. Milyardlıq imperiyanın kökünün çürük mənəviyyata dirənməsi, təbii ki, xoşagələn məqam deyil. Niyə? Çünki ortada özünə azərbaycanlı deyən birindən bəhs edirik. O azərbaycanlıdan ki, danışanda milli mənəvi dəyərlərdən dəm vurur, söhbət pul və biznesdən gedəndə isə erməniyə dayı deyir. Sözgəlişi yox, elə hərfi mənada. Məlumat üçün deyim ki, əslən erməni olan Levon Termendzhyan adlı şəxslə Mənsimovun çox sıx əlaqələri olub. Bu barədə bir az sonra. İndi həmin bu Levonun ABŞ tarixinə düşməsi barədə qısa annotasiya:

O, ABŞ Federal büdcəsindən aldığı pulu saxta sənədlərlə hesabına keçirib. Ortaqları ilə birlikdə cinayətkar şəbəkə quran erməni mafiya başçısı ölkə tarixinin ən böyük vergi fırıldaqçılıqlarından birini həyata keçirib. ABŞ-nin Ədliyyə Nazirliyinin məlumatına görə, Termendzhyan 2010-cu ildən 2018-ci ilə qədər Kinqston ailəsi ilə birlikdə fırıldaqçılıqla ABŞ-yə bir milyard dollardan çox zərər vurub. Termendzhyan çirkli pulların yuyulması və fırıldaqçılıq ittihamı ilə 40 il azadlıqdan məhrum edilib.

İndi isə qayıdaq bizim vətənpərvər Mənsimov cənablarına. Termendzhyanın oğlu Georq Termendzhyan Solt Leyk Şəhər Federal Məhkəməsində baxılan prosesdə FETÖ-çu Mənsimovla ortaq şirkət qurduqlarını deyib. Ortaqları olan Kinqston qardaşları və FETÖ-çu M.Mənsimovla 2016-cı ilin oktyabr ayında guya yanacaq və məhsul daşınması, biodizel daşınması və karqo daşınması üçün şirkət qurduğu sübut olunub.

“Şirkətlərimin heç birində erməni yoxdur, hətta üçüncü nəsildən belə erməni olsa, dərhal qovaram” deyən bir adam özü dələduzluğu ilə ABŞ tarixinə keçmiş erməni ilə iş qurur. Bu spekulyasiya lideri illərdir ki, sosial şəbəkələrdə və mediada özü barədə bir imic formalaşdırmağa çalışırdı. İnsanlara ən çox inandırmaq istədiyi isə erməniləri “görən gözünün olmaması” ilə bağlı görüntü idi. Amma reallıq hər şeyin bu qədər sadə olmadığını ortaya çıxartdı. Yoxsa niyə erməni dostları sonradan onun müdafiəsinə qalxsınlar ki? Bir tərəfdən ermənilərlə iş birliyi, digər tərəfdən FETÖ ilə əlaqələr. Görəsən bilinməyən daha neçə-neçə gizli simanı öz həyatına sığdıra bilib cənab Mənsimov? Yəqin ki, mesenat obrazını da əsl üzünün ortaya çıxmaması üçün istifadə edirmiş.

Mənsimov məsələsində qəribə bir məqam da formalaşdırdığı (amma realda mövcud olmayan) imicini qorumaq üçün dəridən-qabıqdan çıxan həmin o kəsə, Azərbaycan KİV-ləri tərəfindən dəstəyin göstərilməsi idi. Media olaraq ortada olan faktları danmaq və Mənsimov obrazının üzərində işləmək həmin o kütləvi informasiya vasitələrinin nəyinə lazımdır? Don Kixot kimi yel dəyirmanlarına qarşı döyüşən Mənsimovu müdafiə edən KİV-lər hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülməlidir. Həmin qurumlar tərəfindən ən azından yuxarıda sadalanan faktların inkarı və həmin o sübutların danılaraq müsbət imic formalaşdırmaq cəhdləri burada məsələnin mənəvi inancdan fərqli olduğunu düşünməyə vadar edir. Ola bilər ki, özünü Mənsimovun yanında müdafiəçi kimi göstərən həmin KİV-lər bunu heç də havayı şəkildə etmirlər. Axı cənab Mənsimov “səxavətli”dir.

Amma FETÖ ilə bağlı üzücü məqam tək Mənsimovla bağlı deyil. Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu da bu şəbəkənin ən aktiv üzvlərin biri kimi həbs edildi. Üstəlik Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbirləri çərçivəsində. Ona (saxta pul, qiymətli kağızlar əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə) cinayət işi açıldı. Sual yaranır.

ABŞ-nin bir neçə universitetində (Şimali Karolina Universiteti, Dyuk Universiteti, Ratqers Universiteti) elmi fəaliyyətlə məşğul olmuş birinin FETÖ ilə nə işi ola bilər ki? Sual özlüyündə maraqlıdır, amma cavab da ondan geri qalmır. Din və elmlə pərdələnən, rəsmən terror təşkilatı kimi tanınan qurumun professor üzvü olmaq ideoloji və siyasi terrora dəstək verməkdən başqa bir şey deyil. Bu isə fiziki terror təhdidlərindən daha təhlükəlidir. Çünki klassik terror konkret obyekti hədəf alaraq onu sıradan çıxarmağa çalışır. İdeoloji terrorun hədəfi isə daha kütləvi olur. Belə terror bütövlükdə cəmiyyətin bütün növ dəyərləri də daxil olmaqla, ümumi maraqları və siyasi şüuru təhdid edir. Bütün sadalananları həyata keçirmək üçün isə xammala ehtiyac var. Təbii ki, xərçəngvari həyat tərzi keçirən bu şəbəkəyə öz amallarını reallaşdırmaq üçün bu tipdə inqrediyentlər tapmaq lazımdır. Çünki Türkiyədəki uğursuzluqdan sonra regiondakı mövqeləri ciddi şəkildə laxladı. Növbəti hədəf kimi Azərbaycan mərcək altına alındı və uzun müddət bu ölkədə davam etdirdikləri fəaliyyətlərinin məntiqi sonluğunu əldə etməyə çalışdılar. Türkiyədəki siyasi və sosial uğursuzluqlarını bizim ölkəmizdə kompensasiya etməyə cəhd göstərdilər.

Bu cəhdlərdə aktiv şəkildə istifadə etdikləri fiqurantlardan biri isə digər azərbaycanlı, alim və iş adamı Fazil Qasımov idi. O, Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Nərimanov Rayon Məhkəməsində Fazil Qasımovun barəsində üç ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona da Cinayət Məcəlləsinin saxta pul, qiymətli kağızlar əldə etmə və ya satmanın mütəşəkkil dəstə tərəfindən törədilməsi maddəsi ilə iş açılıb. Böyük ehtimalla “layihə” növbəti Qubad İbadoğlu yetişdirirdi, amma alınmadı.

İstənilən halda, bu tipdə sektalar həmişə olub və onlar daima daxili bazarlardan kimlərisə qəhrəman, kimlərisə kumir kimi formalaşdırmaqla öz ideyalarını geniş auditoriyaya çatdırmaq məqsədi güdürlər. FETÖ və bu layihənin sahibləri Türkiyə və Azərbaycanı hədəfdə saxlayır, imkan düşdükcə kirli planlarını icra etməyə çalışırlar. Bir növ zəli kimi cəmiyyətin dəyərlərini sovurur, əvəzinə isə öz zəhərlərini axıdırlar.

Aqil Vəlili

Bənzər xəbərlər

Gündəm

0.031764984130859