Rusiyanın 105 ton ağırlığında olan raketi Avstraliya səmasında partladı - VİDEO
Avstraliyanın şərqindəki Viktoriya ştatında, Melburn şəhəri üzərində gurultulu səslə müşayiət olunan parlaq işıq şüası müşahidə olunub.
Eyni zamanda, səsdən evlər titrəyib.
Ekspertlər bunun yüksək sürətlə atmosferə daxil olan və sürtünmə nəticəsində alovlanan kosmik tullantı olduğu fikrini irəli sürüblər.
Avstraliya Kosmik Agentliyi parlaq işığın kosmik tullantı olduğunu təsdiq edib. Ehtimal edilir ki, bu, Moskvanın şimalındakı Plesetsk kosmodromundan buraxılan Rusiyanın “Soyuz” raketinin qalıqlarıdır. 105 ton ağırlığında və 25 metr uzunluğunda olan bu raket yeni qlobal naviqasiya peykini orbitə çıxarmışdı.
Flinders Universitetinin dosenti Elis Qorman bildirib ki, “Soyuz” yanacaq tükəndikdən sonra son dərəcə yüksək hündürlükdən düşməyə başlayıb və bu da Viktoriya səmasında belə bir görüntünün yaranmasına səbəb olub.
“Bir çox Melburn sakini raketin parçalara ayrılaraq səmada uçduğunu gördü. Raketin parçalarının hər biri heyrətamiz atəşfəşanlıqda yanmağa davam edirdi”, - deyə o qeyd edib.
Mənbə: “The Guardian”