Jul 07

Albaniya Prezidenti və xanımı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tanış olublar - YENİLƏNİB + FOTO

Azərbaycanda rəsmi səfərdə olan Albaniya Prezidenti Bayram Beqay və xanımı Armanda Beqay iyulun 7-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlara Nizami Gəncəvi Beynəlxalq Mərkəzi haqqında məlumat verilib.

Bildirilib ki, Mərkəz Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dahi Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə 2012-ci ildə Gəncədə keçirilən xüsusi toplantıda təsis edilib. Azərbaycan Prezidentinin dəstəyi ilə fəaliyyətini genişləndirən Mərkəz müxtəlif ölkələrin keçmiş dövlət və hökumət başçılarını, nüfuzlu beynəlxalq ekspertləri bir araya gətirib.

Diqqətə çatdırılıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2013-cü ildən etibarən paytaxtımızda keçirilən və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. Mərkəzin əsas məqsədi dünyada sülhün, dinc birgəyaşayışın, ədalətin bərqərar olunmasına töhfə verməkdir.

Mərkəzdə qonaqlara xatirə olaraq xalça, həmçinin cari ilin mart ayında Bayram Beqayın da iştirak etdiyi və Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: Həyatı və İrsi” mövzusunda keçirilən konfransın materiallarının yer aldığı jurnal və albom hədiyyə edilib.

19:42

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay və birinci xanım Armanda Beqay iyulun 7-də Heydər Əliyev Mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, Mərkəzin direktoru Anar Ələkbərov Albaniya Prezidenti Bayram Beqaya dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.

Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə təbliğinə xidmət edir.

Albaniya Prezidenti Bayram Beqay Mərkəzdə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərlə tanış olub.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Albaniya Respublikasının Prezidenti Bayram Beqayda böyük maraq doğurub.

Qonaqlar “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Prezident Bayram Beqay və birinci xanım Armanda Beqay “Kukla incəsənətdə” sərgisinə baxıblar. Diqqətə çatdırılıb ki, ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivallarının qalib olub.

Qonaqlar “Azərbaycan xalçası - ilmələrin rəqsi” adlı kolleksiya ilə də tanış olublar. Bayram Beqay və Armanda Beqay Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”ni ziyarət ediblər. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov diqqətə çatdırıb ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.

Ali qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.

Bənzər xəbərlər

Gündəm

0.029677152633667