DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin saytı istifadəyə verilib
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin saytı (https://inclusivecenter.gov.az) istifadəyə verilib.
Saytda Mərkəzə qəbul və müraciət qaydaları, xidmət istiqamətləri, könüllülük fəaliyyəti, təlimçilər, layihələr və s. ilə bağlı məlumatlar əksini tapıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabrında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən böyük inklüziv məkandır.
Eyni vaxtda 140-dan çox benefisiarın təlim almaq imkanının olduğu Mərkəzdə şəhid ailələlərinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişafına dəstək göstərilir.
Burada onların bacarıqlarının inkişafı və sosial-psixoloji dəstək məqsədi ilə ümumilikdə 14 istiqamət üzrə təlimlər keçirilir. Hazırda burada həssas qruplara aid 200-dək benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərdə iştirak edir.